Ermənistanda Qarabağ ziddiyyəti dərinləşir

5 Mart 2019 15:57 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti, hazırkı hökumət ətərəfindən həbs edilən Robert Köçəryan bəyan edib ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Azərbayana güzəştə getməyə hazırlaşır. Belə bir fikir bu günə qədər digər erməni siyasiləri tərəfindən də ortaya atılıb. Terrora üstünlük verən “Daşnaksütyun” partiyasının liderləri də anoloji fikirlə çıxış edərək, hətta Paşinyanı hədələmişdilər.

Ümumiyyətlə, bu istiqamətdə fikirlər əsasən hakimiyyətdən salınan “Qarabağ klanı” təmsilçiləri və onlara yaxın mətbuat nümayəndələri, politoloqlar tərəfindən daha çox səslənir. Paşinyanın hərəkətlərinə gəldikdə isə, onun problemin həllilə bağlı fəaliyyəti ziddiyyətlidir. Bu istiqamətdə onun açıqlamaları nala-mıxa vurmağa bənzəyir. Bir sıra tədbirlərdə, məsələn MDB-nin Düşənbə sammitində o münaqişənin həllində maraqlı olduğunu bəyan edib. Ancaq digər hallarda öz hərəkəti və əməllərilə konfliktin həllində maraqlı olmadığını ortaya qoyur. Belə ki, Paşinyan məsuliyyəti öz üzərindən götürmək və ya bölüşmək üçün tez-tez Qarabağ separatçılarının da danışıqlar prosesinə cəlb edilməsini gündəmə gətirir. Digər halda isə o, sülh naminə ərazilərin qaytarılmayacağını bəyan edir. Bu günlərdə isə Paşinyanın İrana olan səfəri başa çatar-çatmaz işğalçı ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağı, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb. Bu hal onu göstərir ki, Ermənistan hakimiyyəti münaqişənin çözümü ilə bağlı məsələdə konkret mövqe sərgiləmir, nala-mıxa vurmaqla məşğuldur.  Ermənistanda münaqişə ətrafında olan bu kimi ziddiyyətli fikirlər nədən qaynaqlanır və konfliktin gedişinə nə vəd edir?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı öncə qeyd etdi ki, Ermənistandakı qüvvələr bu sayaq maksimalist əhval-ruhiyyəni saxlamaqla münaqişənin ömrünü uzatmağa çalışırlar: “Ümumiyyətlə, Ermənistanda Dağlıq Qarabağ probleminə yanaşmanın özündə ciddi problem var. Problemin bu günə qədər həll olunmayaraq qalmasının əsas səbəblərindən biri düşmən ölkə siyasilərinin münaqişəyə yanaşmasındakı düşüncə, yanaşma problemidir. Münaqişədə yaranan vəziyyətə baxaq. Ermənistan Azərbaycan torpaqlarına iddia irəli sürüb. Azərbaycanın bir bölgəsini işğal etmək istəyib, nəticədə ərazimizə hücum edib, soyqırım törədib, torpaqlarımızın işğalını həyata keçirib. 1 milyona yaxın azərbaycanlı dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu fonda da münaqişənin həllilə bağlı hansısa bir güzəşt ifadəsini faciə hesab edirlər. Ermənkistan beynəlxalq hüquq və insanlıq əleyhinə o qədər çox cinayət törədib ki, bu vəziyyətdə İrəvanın kiçik bir geri addım atmağını güzəşt kimi qiymətləndirilməsinin özü absurddur.

İrəvan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ondan əlavə daha 7 rayonumuzu işğal edib. Bu rayonlardan bir kəndi qaytarmağı belə güzəşt kimi qiymətləndirib və onu faciəyə çevirməyin özü göstərir ki, işğalçı ölkə siyasiləri məsələyə nə dərəcədə problemli yanaşırlar. Bir dövlət digərinin ərazisini işğal edib, onun bir hissəsini qaytaranda bu sanki böyük bir güzəştdir. Düşmən ölkə bunu da problem kimi görür, bu ayrı bir məsələ.

Ancaq onu da xüsusi güzəşt kimi təqdim etməyə çalışmaları, Ermənistanın özünün problemə yanaşmasındakı anormallığı ortaya qoyur. Münaqişənin hələ də həll olunmayaraq qalmasının səbəblərindən biri də budur. Təəssüf ki, beynəlxalq vasitəçilərin bir hissəsi onu ölkəmizə məhz bu qaydada təqdim etməyə çalışır. Deməli, problem Ermənistanın Azərbaycana ərazi iddiası üstündə başlayıb və düşmən ölkə ərazilərimizin 20 faizini işğal edib. Bundan hansısa bir hissənin qaytarılması Ermənistanın güzəşti deyil. Münaqişə sıfır nöqtəsində, başlanğıc mərhələsində olsaydı, burada kimim nəyi güzəştə gedəcəyi, hansı orta nöqtədə razılaşacaqlarını güzəşt saymaq olar. Amma bu gün Ermənistanın Qarabağ problemilə bağlı atmalı olduğu addımların böyük əksəriyyəti güzəşt deyil. Onlar beynəlxalq hüquqa qarşı cinayət törədiblər və söhbət sadəcə bu cinayətkar əməllərin dayandırılmasından gedir. Ermənistanda müəyyən qüvvələr təəssüf ki, maksimalist əhval-ruhiyyəni saxlamaqla münaqişənin ömrünü uzatmaq istəyirlər.  Maksimalist əhval-ruhiyyə ondan ibarətdir ki, ən kiçik ərazilər belə Azərbaycana qaytarılmasın, hər hansı bir xoş niyyət belə ortaya qoyulmasın. Paşinyanın nə qədər xoş niyyətli olduğunu, nə qədər başqa niyyətlərdə olduğunu bilmirik. Çünki o da təzadlı açıqlamalar verir. Yəni bu təzad təkcə Paşinyanla rəqib siyasi qüvvələr arasında olan təzadlar deyil. Paşinyanın öz fikirləri, addımları arasında da təzadlar var. Amma bütün bu təzadlar nəticədə münaqişənin həll olunmadan qalmasına səbəb olur. Bundan da bütövlükdə region, elə Ermənistanın özü də zərər görür. Bu da əslində başqalarının qurduğu oyun, böyük planlarıdır. Ermənistan da həmin planmın parçası kimi hərəkət etməklə həm özünə, həm də regiona zərər vurur”.

Həmsöhbətimizin fikrincə, Ermənistan daxilində hakimiyyətlə bəzi siyasilər arasında yaşanan bu təzadlı, ziddiyyətli  fikirlər münaqişənin özünə yanaşmadan qaynaqlanır: “İlk öncə münaqişənin mahiyyətinə düzgün yanaşılmır. İkincisi, ola bilər bəziləri münaqişənin əsl mahiyyətinin nədən ibarət olduğunun fərqindədirlər, amma öz maraqlarına uyğun düşünürlər ki, onu fərqli formada təqdim etməklə dünyanı aldada bilərlər. Digər tərəfdən də, prosesdə kənar qüvvələr, onların planları var. Belədə Ermənistandakı bəziləri də həmin hərəkətləri kənar qüvvələrin maraqları daxilində edirlər. Yəni özlərinin yanaşması olsaydı bu qədər təzadlı, beynəlxalq hüquqa, ümumi regional maraqlara zidd yanaşma olmazdı. Əvvəl-axır  Ermənistanda da daha sağlam düşüncə qalib gələrdi. Lakin belə görünür, proses daha çox kənardan idarə olunur və ziddiyyətlərlə danışıqlar prosesinin ömrünü uzadırlar. Danışıqlar prosesinin ömrünü uzatmaqla münaqişənin də həllini uzadırlar. Yekunda da yenə prosesdən daha çox qazanclı çıxan kənar qüvvələr olur”.

Rüfət NADİROĞLU