Nərimanov İcra Hakimiyyəti yataqxanadakı yanğınla bağlı RƏSMİ

6 Mart 2019 10:57 (UTC+04:00)

Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

İcra hakimiyyətindən  verilən məlumata görə, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib: "Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır".

Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.