KTMT-də Ermənistan üzündən yaranan qeyri-sağlam ab-hava

6 Mart 2019 22:36 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib. “Dünyada hərbi-siyasi cərəyanlar nəzərə alınsa, bu qurumun zəruriliyi şübhə doğurmur. Amma hazırda KTMT ətrafında qeyri-sağlam vəziyyət yaranıb. Elə, təkcə baş katibin təyinatı məsələsini xatırlayın”. Belə vəziyyət təşkilatın gələcəyinə nə vəd edir? Qurum Ermənistan üzündən dağılacaq yoxsa başqa proseslər olacaq? 

Politoloq Zərdüşt Əlizadə bildirdi ki, KTMT-nin gələcəyi Rusiyanın gələcəyindən asılıdır: “KTMT NATO-ya adekvat olaraq yaradılıb. NATO-da əsas aparıcı dövlət ABŞ-dır. Bu mənada Vaşinqton nə desə bütün digər dövlətlər “baş üstə” deyərək yerinə yetirirlər. Bu qurumda ABŞ-ın razılığı olmadan heç bir mühüm təyinat baş vermir. KTMT-də isə yeganə hərbi güc Rusiyaya məxsusdur. Burada da ancaq Rusiyanın siyasi xətti yürüdülür.

Belarus və Qazaxıstan kimi dövlətlərin heç bir qlobal iddiaları yoxdur. Onlar Rusiya ətrafında  fırlandıqlarından məcburdurlar ki, KTMT-nin üzvü olsunlar. Xüsusən də Ermənistan. Hansının ki, hərbisi və xarici siyasəti tamamilə Moskvadan asılıdır.

Əlifba sırasına uyğun olaraq KTMT-nin baş katibi Ermənistandan Yuri Xaçaturov idi. Ancaq Ermənistanda Paşinyan hökuməti Xaçaturova qarşı cinayəty işi açdı, onu həbs etdi, sonra isə Moskvanın təzyiqilə buraxdılar. Amma bütün hallarda Xaçaturov KTMT katibliyindən getdi. Bu fonda quruma katiblik məsələsində Belarusla Ermənsitan arasında ziddiyyətlər yarandı. Minsk  öz generalını ora təyin etmək istədi, Paşinyan isə başqa bir erməni generalının üzərində dayanırdı. Bu istiqamətdə mübahisə yarandı. Sonda Belarus istəyinə nail oldu. Lakin Paşinyan bunu qəbul etmədi. İndi KTMT-də əhəmiyyətsiz məsələ olsa da, onun ətrafında ziddiyyətli məqamlar yaranıb. KTMT katibi icraedici funksiyaya malikdir, onun həlledici qərar qəbul etmək səlahiyyəti yoxdur. Yəni sanki dəftərxana müdiri funksiyasını daşıyır.

KTMT onsuz da zəif təşkilatdır. Ermənistanla Azərbaycan arasında müharibə başlasa, nə Qazaxıstan, nə də Belarus bu işə qarışmayacaq. Yalnız Rusiya qarışa bilər. Ona görə də, bu təşkilatı sadəcə, Rusiya və onun əlaltıları kimi təqdim edirlər. Bu səbəbdən nə qədər ki, Rusiya postsovet məkanında həlledici dövlətdir və digər ölkələr ondan müəyəyn dərəcədə asılıdır, KTMT-da qalacaq. Rusiya zəifləsə, sıradan çıxsa, KTMT-da dağılacaq. Necə ki, vaxtilə Varşava Müqaviləsi dağıldı”.  

Politoloq Natiq Miri isə düşünür ki, KTMT-də yaşanan gərginlik hələlik onun parçalanması ilə nəticələnməyəcək: “Belarus Prezidenti əslində, KTMT baş katibliyinə yeni təyinatla bağlı narazılığını bildirib. Çünki Belarus erməni generalı əvəzinə, baş katibliyə öz nümayəndəsini təqdim etmişdi və bu namizəd İrəvan istisna olmaqla digər KTMT dövlətləri tərəfindən qəbul olundu. Ancaq Paşinyan bu məsələyə etiraz etdiyi üçün həmin namizəd qəbul olunmadı. Ona görə də ilin sonuna qədər KTMT rəhbərliyində Rusiyadan olan ikinci şəxsin təşkilatı idarə etməsi məsələsi razılaşdırıldı. Bu da Moskvanın razılığı ilə mümkün oldu.

Rusiya bu məsələdə siyasi iradə ortaya qoysaydı, təbii ki, Paşinyan çox asanlıqla geri çəkiləcəkdi. Görünür, bu istiqamətdə Paşinyanla Putin arasında konkret anlaşma olub. Həmin anlaşma da daha çox Ermənistan ictimai rəyinə hesablanmış razılaşma kimi qəbul olunmalıdır. Çünki KTMT-də erməni generalının vəzifədən çıxarılmasından sonra İrəvan yeni namizəd irəli sürməyə çalışsa da, KTMT-nin digər dövlətləri onu qəbul etmədi. Bu hadisə də öz növbəsində Ermənistanda Paşinyan əleyhinə olan qüvvələrə tutarlı bəhanə verdi. Belə bir məqamda Belaruslu generalın vaxtından əvvəl KTMT rəhbərliyinə təyin olunması Ermənistan ixctimaiyyəti daxilində təbii ki, Paşinyan əleyhinə işləyəcəkdi. Ona görə də düşünürəm ki, Paşinyanla Putin həmin vəzifəni ikinci  şəxs olan rus generalına tapşırmaqla bağlı razılığa gəliblər.

Hazırda KTMT daxilində elə ciddi proseslər getmir ki, onu idarə etmək mümkün olmasın. Həmçinin, KTMT rəhbərliyində kimin təmsil olunub-olunmamasından asılı olmayaraq bu proses birmənalı olaraq Moskvanın nəzarətindədir. Yəni KTMT rəhbərliyi daha çox formal xarakter daşıyır. Bu mənada Belarus prezidenti həmin prosesi nə qədər tənqid etsə də,

KTMT-də yaranmış vəziyyətin hansısa ciddi proses və parçalanmaya gətirib çıxaracağını düşünmürəm. Proses rus generalının rəhbərliyi altında yeni rəhbər təyin olunana qədər idarə olunacaq. Sadəcə, Lukaşenkonun qurumla bağlı dediklərini, KTMT-də gedən xoşagəlməz prosesi bilavasitə onun Ermənsitana olan qıcığını ortaya qoymaq istəyi kimi dəyərləndirmək olar. Lukaşenko ciddi şəkildə dəfələrlə Ermənistan tərəfindən tənqid olunub. Hətta Belarus səfirinə qarşı müəyəyn həqarətlər də bu prosesdə yer alıb. Lukaşenko həmin açıqlama ilə  sadəcə Ermənistanın dağıdıcı ünsür olması fikrini diqqətlərə çatdırmaq istəyib”.

Rüfət NADİROĞLU