Danışıqları pozmaq cəhdi İrəvana baha başa gələcək

6 Mart 2019 21:37 (UTC+04:00)

 

Prezident İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib ki, Ermənistanın danışıqlar aparmağa heç bir ciddi niyyəti yoxdur, prosesi pozmağa çalışır.

Həqiqətən də, Ermənistanın əvvəlki rəhbərləri kimi, Nikol Paşinyan da öz fəaliyyətilə danışıqlar prosesində maraqlı olmadığını ortaya qoyub. O da xələfləri kimi, prosesi həllə doğru aparmaq əvəzinə əksinə çalışır ki, proses pozulsun. Belə ki, bir tərəfdən, Dağlıq Qarabağın separatçı rejiminin də danışıqlar prosesinə qoşulmasını istəyir ki, bununla da məsuliyyətdən qaçmağı düşünür. Bu kimi cəfəng fikrini bilə-bilə ki, indiki mərhələdə mümkün deyil,  o dəfələrlə səsləndirib.

Digər tərəfdən, sülh naminə torpaqların qaytarılması prinsipindən də imtina edir.   Bütün bunlar onu göstərir ki, Ermənistanın yeni hökuməti danışıqlarda maraqlı deyil.

İrəvanın prosesə belə yanaşması fonunda demək olarmı ki, Ermənistan Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin üzərindən birdəfəlik xətt çəkir? Bu nə ilə nəticələnəcək?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, düşmənə qarşı güc tətbiq olunmalıdır ki, onlar yola gəlsinlər: “İşğalçı Ermənistan  həqiqətən də danışıqlarda maraqlı deyil. Bunu öz əməllərilə dəfələrlə sübut ediblər. Onlar hər dəfə proses  yaxınlaşanda müxtəlif bəhanələrlə çalışıblar ki, danışıqlar baş tutmasın, baş tutsa da, nəticə verməsin.

Paşinyan da bu mənada əvvəlki xələflərinin siyasətini davam etdirir. Bu hərəkətlərilə İrəvan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məsələsinə həqəqitən də birdəfəlik xətt çəkir. Bu fonda İrəvanın həmin hərəkətinin nəyə gətirib çıxaracağı sualının cavabı birdir. Azərbaycan ordusu hərbi əməliyyatlara başlayıb torpaqları işğaldan azad edəcək. Ötən 30 il ərzində ermənilərin tutduğu mövqe, məsələyə münasibəti onu göstərir ki,  İrəvan danışıqlar yolu ilə ədalətli həllə razı deyillər. Onlar torpaqlarımızı işğal ediblər. Necə ki, keçən əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında Ermənistan deyilən bir dövlət yaradıblar, indi də həmin xəstə xülyalarını həyata keçirib dövlətlərinin ərazisini işğal olunmuş ərazilər hesabına bir qədər də genişləndirməyi düşünürlər. Ona görə də, ermənilərlə danışıq aparmaq mənasızdır. Yəni bu cür danışıqlar aparmaq mənasızdır. Danışıqların kəsilməli olduğunu demirəm.

Sadəcə olaraq, danışıqları aparmaq qaydası dəyişdirilməlidir. Onun da bir yolu var. Donuz öz xoşu ilə darıdan çıxmır. Onu yaxşı kötəkləmək lazımdır ki, darıdan çıxsın. Ermənilər də belədir. Onlara güc göstərilməlidir. Hərbi gücdən istifadə edib, torpaqlarımızı işğaldan azad etməyə başlamalıyıq. Ondan sonra ermənilərdən heç kim danışıqlara gəlməyi xahiş etməyəcək. Onlar özləri danışıqlar üçün yalvaracaqlar. Nə qədər ki, bu gücü görməyiblər,  ermənilər yola gələn deyillər”.   

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, İrəvanın danışıqları pozmaq cəhdləri müharibəni qaçılmaz edir: “Həqiqətən də, dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan danışıqlar prosesində, onun irəliləməsində maraqlı deyil. Onlarin işi-gücü prosesi pozmağa, irəli getməsinə maneə olmağa çalışmaqdan ibarətdir. Paşinyan özü də bu yolu tutub. Ötən dövr göstərdi ki, işğalçı güc görmədikcə öz çirkin əməllərini davam etdirəcək.

Ona görə də aprel döyüşlərinin yenidən təkrarlanmasının zamanının yetişdiyini düşünürəm.  Hətta şanlı ordumuz bu dəfə düşmənə daha sarsıdıcı zərbə vurmalıdır ki, Ermənistan bir daha ayağa qalxa bilməsin. Azərbaycan sona qədər mövcud vəziyyətlə barışmayacaq. Ya Ermənistan sağlam düşüncə sərgiləyərək, işğala son qoymalıdır. Ya da buna getməsələr, hadisələrin gedişi də göstərir ki, İrəvan sağlam düşüncə nümayiş etdirməkdən qat-qat uzaqdır, bir yol qalır. Düşməni məhv etmək üçün hərbi əməliyyatlara başlamalıyıq. Ermənistanın danışıqları pozmaq cəhdləri bizə başqa yol qoymur, artıq”.   

Rüfət NADİROĞLU