Bu aydan əlilliyə görə pensiya təyinatı elektron olacaq

6 Mart 2019 17:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir. 
Movqe.az -ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. Bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır. 

Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq. Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək. 

Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq. 

Onu da bildirək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.