Bərdədə sahibkarlara 825 min manatdan çox güzəştli kredit verilib

7 Mart 2019 12:38 (UTC+04:00)

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Bərdədə işgüzar forum keçirilib.

"Report"un  Qarabağ Bürosunun verdiyi məlumata görə, forumda çıxış edən sahibkarlığın inkişafı fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində 100-dək sahibkara 8,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 350 iş yerinin yaradılmasına imkan verir. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 580 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70 iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış ildə 5,6 min ton süd və 1,2 min ton ət istehsal etmək gücündə olan 3000 başlıq heyvandarlıq kompleksinə baxış keçirilib. Son illər ümumi dəyəri 251,7 milyon manat olan 26 müasir heyvandarlıq kompleksinin yaradılmasına 110,7 mln. manat güzəştli kredit verilib. Artıq 25 heyvandarlıq kompleksi istifadəyə verilib.