Prezident İlham Əliyev Ağsu sakinlərinin ərizələrini şəxsən qəbul etdi - FOTO

7 Mart 2019 11:47 (UTC+04:00)

Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

Hadisənin səhəri günü dövlət başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlət başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxıb, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edivb.

Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra dövlət başçısı Firdovsi küçəsinində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub.

Prezident İlham Əliyev Ağsu şəhərində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. Dövlət başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri naraht edən məsələləri dinləyib. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.