Ermənistan hakimiyyəti taleyinin “olum-ölüm” dövrünü yaşayır

8 Mart 2019 08:00 (UTC+04:00)

 

Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkir. Sovolyov qeyd edib ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüz minlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq”.

Solovyovun mövqeyi digər rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov tərəfindən başqa bir kontekstdə qüvvətləndirilib. Tarasovun fikrincə, ATƏT-in Minsk qrupunun passivliyi sübut edir ki, ortada hansısa plan mövciddur, amma MQ-un fəaliyyəti arxa plana atılıb. Ekspert deyir ki, münaqişə tərəfləri olan ölkələrin xarici işlər nazirlərinin və liderlərinin görüşlərinin ATƏT MQ həmsədrlərinin koordinasiyası ilə olması bunu təsdiqləyir: “Az adam sezib ki,iki ölkə XİN rəhbərlərinin görüşləri fonunda ATƏT MQ-nin yeni statusu müəyyənləşib. Ermənistan XİN başçısı deyir ki, “biz Məmmədyarovla danışırıq”, sonra bizim təkliflərə ATƏT MQ-də baxılır. Başqa sözlə, nazirlər danışır, ATƏT MQ qanuniləşdirməyə çalışır. Əvvəllər MQ bəyanatla çıxış edər, tərəflər isə buna əməl edib-etməməyi müəyyənləşdirərdilər”.   

Digər tərəfdən Paşinyanın Tehranda verdiyi “biz Əliyevlə görüşmək barədə razılaşmışıq” bəyanatı da ciddi rezonans yaradıb. Necə yəni? Həmsədrlərin bundan xəbərləri yoxdur?! Bax, bu amil həmsədrləri əməlli-başlı həyəcanlandırdı və omlar münaqişə üzərinə qayıtdılar, Ermənistan və Azərbaycan liderlərinin görüşü barədə anons verdilər.
Məsələ burasındadır ki, Paşinyanın seçkiqabağı kampaniyasında Azərbaycanın dövlət başçısı ona bir şans tanıyaraq cəbhədə güllə səslərinin azalmasına ciddi nəzarət etdi. Təbii ki, bu, şəxsi hüsn-rəğbətdən yox, ümumi insanlıq aktı olan sülhpərvərlikdən irəli gələn addım idi. Paşinyan da bunu öz fəaliyyəti kimi cəmiyyətə təqdim edərək erməni seçicilərin səslərini qazanmaqda üstünlük qazandı və hakimiyyətini möhkəmləndirdi. Lakin onun sonrakı addımları sübut etdi ki, ölkəsində heç də güclü mövqeyə malik deyil və başladı sələflərinin yolunu getməyə. Bəs,  nəticədə nə baş verdi?! Erməni mətbuatının yazdığı kimi “Paşinyanın nüfuzu Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları kimi sürətlə azalır”. Son bir neçə ayda bankın valyuta ehtiyatı 11 faiz azalıb. Bu, Ermənistan üçün böyük rəqəmdir və ehtiyatların tezliklə yoxa çıxmasına səbəb ola bilər. Eynilə, Paşinyan da dayaqlarını itirib iflasa uğrayar.

Hadisələrin bu gedişi hakimiyyətsən salınmış Qarabağ klanının üzvlərini fəallaşdırıb və cəmiyyətdə klanlararası uçurumun dərinləşməsini sürətləndirib. Ermənilərin bədbəxtçiliyi ondadır ki, onlar hər iki klan vəziyyətdən çıxmaq üçün işğal faktorundan istifadə edərək onu fetişləşdirirlər. Azərbaycan kimi güclü dövlət qarşısında belə oyunların oynanılması onlara asan başa gəlməyəcək. Çünki, bu ölkə sülh danıışıqlarını daim xatırlatsa da, məqsədinə çatmayacağına əmin olanda başqa, daha radikal imkanlara əl atır. Bu isə indiki situasiyada müharibədir və əgər bu baş verərsə, Ermənistanın intiharı qaçılmaz olacaq. 
N.NOVRUZ