İdxal etdiyimiz gülləri ölkəmizdə yetişdirmək potensialımız var

7 Mart 2019 17:38 (UTC+04:00)

Güllər bayramlarda, doğum günlərində və digər özəl günlərdə ən çox təqdim olunan hədiyyədir. Bayram günlərində isə  gül və çiçəklərə olan tələbat iki qat artır. Hər il olduğu kimi bu il  8 mart bayramı ərəfəsi də eyni vəziyyət yaranıb. Artıq iki gündür ki, paytaxtda çox az gül mağazası tapmaq olar ki, onun qarşısında növbə yaranmasın. Yaranmış tələbat isə qiymətə təsirsiz ötüşməyib. Bu gün sadə bir gül dəstəsinin qiyməti 20-25 manat arası dəyişir. Dekorasiyasına və istifadə edilən güllərin sayına görə gül buketlərinin qiymətində ciddi fərq var. Gül mağazalarında gül buketlərinin qiyməti 18 manatdan başlayaraq 500 manatadək dəyişir. Amma bayram günlərində qiymətdə nəzərəçarpacaq artım müşahidə olunur. Məsələn, adi gündə 18 manata aldığımız gül buketinin qiyməti 8 mart bayramı ərəfəsi 25 manatdan aşağı deyil. Müxtəlif dekorasiyalı qablarda yerləşdirilən gül buketlərinin qiymətində isə 10-15 manata qədər bahalaşma var. Hətta bəzi yerlərdə qızılgülün bir ədədinin qiyməti 7 manatadək bahalaşıb. Satıcılar bunu tələbatın artması ilə gülün qiymətində baş verən artımla əlaqələndirirlər. Onların sözlərinə görə, Azərbaycana gül və çiçəklər əsasən xaricdən idxal edildiyindən, 8 mart ərəfəsi dünyanın hər yerində olduğu kimi ölkəmizə idxal olunan güllərin də qiymətində artım baş verir. Bu isə qiymətə təsir göstərir.
Yaranmış vəziyyət göstərir ki, bir vaxtlar SSRİ-nin müxtəlif ölkələrinə gül ixrac edən Azərbaycan bu gün daxili bazarı belə təmin etmək iqtidarında deyil. Halbuki kənd ekspertlər bunun üçün ölkəmizdə əlverişli iqlim şəraitinin olduğunu, xaricdən idxal etdiyimiz gül və çiçəkləri Azərbaycanda yetişdirmək potensialının böyük olduğunu söyləyirlər. İqtisadçı Qadir Bayramlı Movqe.az-a açıqlamasında deyir ki, gülçülüyün inkişafına dövlət dəstəyi yetərlidir ki, Azərbaycan nəinki daxili tələbatı, hətta xarici bazarları təmin edəcək səviyyədə gül yetişdirsin: “ Sovet dönəmində Azərbaycanda gülçülük inkişaf etmiş sahələrdən biri idi. Azərbaycan keçmiş ittifaqın əksər respublikalarına böyük miqdarda gül göndərirdi. Hətta deyərdim ki, başlıca təminatçı idi. Amma sonrakı dövrdə Azərbaycanda bu sahə tənəzzülə uğradı. Gülün yetişdirilməsi üçün istixana, istilik olmalı idi. O dövrdə Azərbaycanda təbii qaz problemi yaşandı. Beləcə biz İttifaq ölkələrində olan bazarımızı itirməyə başladıq. Sovet İttifaqı ölkələri ilə iqtisadi əlaqələrimiz zəiflədi. Beləcə bütün sahələrdə özünü göstərən tənəzzül gülçülükdən də yan keçmədi. Çox sayda istixana həmin ərəfədə fəaliyyətsiz vəziyyətə düşdü. Amma son zamanlar bu sahədə bir canlanma müşahidə olunur. Bununla belə biz hələ də gülün çox hissəsini idxal edirik. Halbuki idxal etdiyimiz gülləri ölkəmizdə yetişdirmək potensialımız var. Bunun üçün gül yetişdirənləri yerlə təmin etmək, yaxud yeri və bu sahədə təcrübəsi olanlara dövlət tərəfindən dəstək göstərilməlidir. Bunun üçün onların ucuz enerji ilə təminatı, keyfiyyətli gül toxumlarının verilməsi, şəffaf polietilenlərlə təminatı, uzunmüddətli  güzəştli kreditlərin verilməsi, onların xarici bazarlara çıxışına yardımın göstərilməsi ilə biz həm gülə daxili bazarda olan tələbatı ödəyə bilərik, artıq qalan məhsulu xarici bazarlara çıxarda bilərik. Bunun üçün gülçülərə müstəqil fəaliyyət üçün imkanlar yaradılmalı, dövlət dəstəyi göstərilməlidir. Bunlar həyata keçirələrsə, bizdə bu işin həm ənənəsi, həm də təcrübəsi olduğundan biz bu sahəni dirçəldərək yenə bir gülçülük ölkəsi kimi şöhrət qazana bilərik. Çünki, sovet dövründə bu sahə elə inkişaf etmişdi ki, hətta Zaqatalada gül fabriki belə fəaliyyət göstərirdi. İndiki dövrdə yenə Zaqatalada həmin sahədə fəaliyyət var. Amma bütün bölgələrimizdə bu sahənin inkişafı regionlarda işsizlik probleminin də qarşısını almış olar. Yeni iş yerləri açılar, dövlətə vergi ödəyicilərinin sayı artar. Gülçülük bizdə başlıca olaraq Abşeron yarımadasında inkişaf etsə də, respublikamızın əksər bölgələrində təbii şərait imkan verir ki, biz gülçülüyü inkişaf etdirək”. 

Zülfiyyə QULUYEVA