Azərbaycanda Xüsusi İqtisadi Zonalar nə vaxt yaradılacaq?

3 May 2013 17:15 (UTC+04:00)

Bir müddət əvvəl Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması məsələsi gündəmdə geniş yer almışdı. Sonrakı dövrlərdə bu termin Xüsusi İqtisadi Zonalarla əvəz olundu. Bir sıra iqtisadçı ekspertlər Azad İqtisadi Zonanın, Xüsusi Iqtisadi Zona ilə əvəzlənməsini vergi güzəştləri ilə əlaqələndirdi. Belə ki, Azad İqtisadi Zona yaradıldığı təqdirdə hökumət 0 dərəcə vergi güzəşti tətbiq etməli idi. Əks halda, isə vergi güzəşti kiçik faizlə təyin olunur. İqtisadçı ekspert Vüqar Bayramov SİA-ya açıqlamasında bildirdi ki, ümumilikdə bu iqtisadi layihənin gecikməsinin səbəbi regionların seçilməsi ilə bağlıdır.

Qeyd edək ki, Xüsusi İqtisadi zonalar iri şəhərlərə yaxın olmalıdır. Ölkənin inkişaf etmiş şəhərlərində bu zonaların yaradılması ona görə vacibdir ki, yaradılan zavod və fabriklərə ixtisaslı kadrlar cəlb olunsun. Dünya təcrübələri göstərir ki, regionlarda xüsusi iqtisadi zonalar yaradılır ancaq zonalarda ixtisaslı kadrlarla bağlı problemlər ortaya çıxır. Bu səbəbdən Azərbaycanda yerin seçilməsi ilə bağlı problemlər mövcuddur.

Vüqar Bayramov bildirdi ki, bu regionaların inkişafının bir elementidir: "Bu zonaların iri şəhərlərə yaxın olması ilə yanaşı, regionlarda yaradılması vacibdir. Bu baxımdan yerlə bağlı seçimlərdə uzun müddət müzakirələr aparıldı, hətta İqtisadi İnkişaf Nazirliyi bu zonanın Lənkaranda yaradılmasını təklif etdi. Bu daha sonra məqbul hesab edilmədi. Çünki Lənkəran İrana yaxın olduğu üçün investisiyaların cəlbində problemin yaranması ehtimal olundu. 2012-ci ildə xüsusi iqtisadi zonalara baxış bir qədər dəyişdi. Yəni artıq xüsusi iqtisadi zonalar yox, sənaye şəhərlərinin və texnoparkların yaradılması gündəmə gəldi. Artıq Sumqayıtda sənaye şəhərciyi fəaliyyət göstərir ki, buradan ölkə daxilinə və xarici ölkələrə kimya məhsuları göndərilir. Bununla yanaşı, texnoparkların yaradılmasına xüsusi iqtisadi zonalarının bir elementi kimi baxıla bilər. Texnoparkların yaradılması ona görə vacibdir ki, bu iqtisadi zonaların əsasını qoyur. Eyni zamanda hökumət bu texnoparklara 7 illik vergi güzəştləri tətbiq edir".

Qeyd edək ki, dünya praktikasında bu cür hal mövcud deyil. Vüqar Bayramovun sözlərinə görə, "2020-ci il Gələcəyə baxış konsepsiyasında" da texnoparkların yaradılması nəzərdə tutulub.

Onuda əlavə edək ki, texnoparkların fəaliyyətə başlaması xüsusi iqtisadi zonaların yaradılamsı məsələsini uzatdı. Hazırda xüsusi iqtisadi zonaların yaradılamsı üçün regionların seçimi işi aparılır. Proqnozlar onu deməyə əsas verir ki, növbəti 10 ildə hökumətin fəaliyyəti iqtisadi layihələrin şaxələnməsinə yönəlib. Vüqar Bayramov qeyd etdi ki, ÜDM artırılması qeyri neft sektoru vasitəsilə həyata keçiriləcək.