Nazirlik daha bir işsiz vətəndaşı “İşsizin DOSTu” Proqramına cəlb etdi

11 Mart 2019 13:47 (UTC+04:00)

 Azərbaycanda daha bir işsiz vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bu barədə Movqe.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

F. Talıbov bildirib ki, bəzi KİV-də Yevlax rayonu, Qaraməmmədli kəndində 7 nəfərdən ibarət Məhərrəmovlar ailəsinin çətin vəziyyətdə yaşadığı barədə məlumatlar yayılıb: "Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar. Ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmovun əmək qabiliyyətli olduğu, lakin işləmədiyi nəzərə alınmaqla onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb. Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki köməklik göstəriləcək".

Zülfiyyə QULUYEVA