Radikallar köhnə şakərlərindən hələ də əl çəkə bilmirlər

12 Mart 2019 08:00 (UTC+04:00)

Radikal muxalifətin 8 mart şousu, “Azad Qadın”  heykəli önündə razılaşdırılmamış tədbir keçirmək cəhdləri də əvvəlki aksiyaları kimi iflasa uğradı. Belə ki, bayram günü bir qrup radikal müxaliflər düşərgəsindən olan xanımlar qadın azadlığı adı altında icazəsiz olaraq küçələrə çıxaraq, sabitliyi pozmağa çalışıb.

Radikalların bayram günü həyata keçirdikləri bu əməlləri, qarmaqarışıqlıq yaratmaq cəhdləri cəmiyyətin özü tərəfindən də narazılıqla qarşılanıb. Belə ki, sözügedən məkanda həmin icazəsiz aksiyaya etiraz edənlərin sayı mitinqə gələnlərin sayından çox idi. Yaranmış vəziyyət onu göstərir ki, radikalların digər aksiyaları kimi, bu tədbir də iflasa uğradı. Azərbaycan cəmiyyəti onlara əvvəllər olduğu kimi, yenə də dəstək vermir.

Yurddaş partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifətin iflasa uğramasının başlıca səbəbi cəmiyyətin onlara inanmaması və etibar etməmələrindən qaynaqlanır: “Məsələ ondadır ki, radikal müxalifət siyasi arenada nüfuzdan, hörmətdən düşdüyünün fərqindədir. Ona görə də bilmirlər ki, nə ilə məşğul olsunlar.

Qarşıdan mühüm seçkilər gəlir. Radikallar da bu fonda çalışır ki, seçkilərə qədər özlərini hansısa bir formaya salsınlar. Yəni onlar bununla gündəmdə qalmaq, özlərini formaya salmaq istəyir. Radikal müxalifət uzun illərdir ki, seçkiləri uduza-uduza gəlir. Məhz siyasi arenada qalmaq, formalarını bərpa etmək üçün də bu cür yollara əl atırlar. Bildiyiniz kimi, son aylarda radikallar mitinq taktikasını seçib. Bu fonda da davamlı olaraq mitinq keçirməyə cəhd göstərirlər. Lakin buna da nail ola bilmirlər. Aksiyalarına əvvəlki tək cüzi adam gəlir.

Əslində, radikallar özlərinin fəaliyyətsizliyi üzündən bu duruma gəlib çıxıb. Onlar öz partiyaları daxilində islahatlar aparmayıb, partiyadaxili demokratiyanı təmin etməyiblər. Strukturları dağılıb, partiya daxilində yenidənqurma işlərilə qətiyyən məşğul olmayıblar. Keçən əsrin 90-cı illərin əvvəllərindən fəaliyyətə başlayan bu partiyalar ötən illər ərzində öz daxillərində demokratik hüquqi islahatlar aparmaqdan belə yayınıb. Nəticədə gəlib belə aciz, cılız vəziyyətə düşüblər. İndi də gündəmdə qalmaq, adlarının hallanması üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də uğursuz mitinqlərə baş vurmalarıdır ki, onun da heç bir nəticəsi olmur. Radikalların cəmiyyətdə dəstəyi demək olar ki, yox səviyyəsindədir. Öz çevrələrində olan insanlardan başqa onları demək olar ki, bir kimsə dəstəkləmir. Radikallar cəmiyyətdəki qüvvələri öz tərəfinə ona görə cəlb edə bilmir ki, onlara münasibətdə normal, alternativ mesajlar verə bilmirlər. O məsələlərin ki, qulpundan guya yapışmağa başlayırlar, onların da Azərbaycan Prezidenti İlham Əliyev özünün yürütdüyü uğurlu siyasəti nəticəsində elə əvvəldən müvəffəqiyyətli şəkildə həllinə nail olur. Ölkədə gördüyünüz kimi, istər idarəetmə orqanlarında, istər kadr sahəsində ciddi islahatlar aparılır. Sosial həyatın yaxşılaşdırılması üçün də davamlı tədbirlər həyata keçirilir. Radikalların uğursuzluğunun səbəbi cəmiyyətdə normal fəaliyyət göstərməmələrilə bağlıdır. Nəticədə onlar elektoratı öz tərəfinə çəkə bilmir. Cəmiyyət onlara inanmır, onların arxasınca getmir. Bu da müxalifətin özü ilə bağlı olan məsələdir”.

R. SULTANOV