Minsk qrupundan İrəvana sərt mesaj

12 Mart 2019 09:30 (UTC+04:00)

Xəbər verildiyi kimi, martın 9-da ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış ediblər. Bu bəyanatla Paşinyan hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezislər darmadağın edildi.

Digər tərəfdən, Paşinyanın hökumətinin “sülh naminə torpaqların qaytarılması” çağırışlarına yox deməsinə cavab cavab olaraq, həmsədrlər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlama və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən çəkinməyə çağırıblar.  Həmsədrlər qeyd ediblər ki, prinsip və ya elementlərin istənilən birini digərinin üzərinə qoymaq balanslı həll yolunun tapılmasını qeyri-mümkün edir.  Təsadüfi deyil ki, Ermənistanda Paşinyanın rəqibləri həmsədrlərin bəyanatını Yerevanın danışıqlarda mövqelərinin zəifləməsinin göstəricisi və indiki hakimiyyətin buraxdığı diplomatik səhvlərin nəticəsi adlandırıb. Respublika partiyasının sözçüsü Eduard Şarmazanov hesab edir ki, bu bəyanat Paşinyanın hakimiyyətinə dəyən sillədir və ona göstərilmiş “sarı kartdır”. Beləliklə göründüyü kimi, Paşinyanın danışıqlar formatını dəyişdirmək istəyi baş tutmadı, Azərbaycanla yanaşı Avropa Birliyi və həmsədrlər də bunun əleyhinə çıxdılar.

Minsk qrupunun son bəyanatından Ermənistan hansı nəticə çıxarmalıdır? Lazımi nəticənin olmaması Ermənistana nə vəd edir?

Politoloq Natiq Mirinin fikrincə, Minsk qrupu həmin bəyanatla İrəvana başa salmaq istəyir ki, müharibənin olmasını istəmirsə, formatın dəyişdirilməsi iddiasından vaz keçməlidir: “Minsk qrupunun bu bəyanatında doğrudan da ilk mesaj Ermənsitana ünvanlanıb. Həmin mesajla da formatın dəyişdirilməyəcəyi birmənalı olaraq İrəvanın diqqətinə çatdırılır. Paşinyan bilirsiniz ki, hakimiyyətə gələn andan qondarma Dağlıq Qarabağ rejimini də müstəqil danışıq tərəfi kimi təqdim etməyə çalışır. Bu yöndə onun sistematik açıqlamaları olub. Onun arxasında dayanan niyyət isə vaxt qazanmağa xidmət edən fırıldaqdır. Bu həm də Paşinyanın problemlə bağlı məsuliyyəti bölüşmək istəyilə bağlıdır. Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsində heç bir erməni siyasətçisi ciddi güzəştlərə getməklə risqi öz üzərinə almaq istəmir. Ermənsitanda bu günə qədər hakimiyyət dəyişikliyi də məhz Qarabağ kartı üzərindən həyata keçib. Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdıran məsələ də məhz Qarabağ məsələsi olub. Bu mənada Paşinyan anlayır ki, Dağlıq Qarabağ problemində ciddi güzəştlərə getməsi xalqın səsilə hakimiyyətə gəlsə də, hökumət üçün böyük risq məsələsidir. Paşinyan da ona görə hələlik bundan qaçmağa üstünlük verir. Paşinyanın formatın dəyişdirilməsi iddiası təkcə Azərbaycanı deyil, həm də ATƏT-in Minsk qrupu həmsədr ölkələrini də narahat etməyə başlayıb.

Minsk qrupu həmsədr ölkələrinin bu narahatlığının kökündə isə yeni müharibənin alovlana biləcəyi təhlükəsi dayanır. Dünya ekspertləri birmənalı olaraq ortaya qoyur ki, müharibə təhlükəsi sovuşmayıb. Ona görə də kimsdə onun başlanma zamanını müəyyən edə bilməz, müharibə sabah, o biri gün və ya bir neçə aydan sonra da başlaya bilər. Predmet üzrə ciddi müzakirələr getməyəcəksə, belə bir müharibənin başlanma ehtimalının böyük olduğunu artıq dünya səviyyəsində gözəl anlayırlar. Həmsədrlərin etdiyi bu xərəbdarlıq mesajını da bu kotekstdə dəyərləndirməliyik. Yəni Paşinyana anlatmaq istəyirlər ki, hər hansı format dəyişikliyi söz mövzusu deyil. Əskidə necə olmuşdusa, yenə də münaqişə tərəfi olara iki dövlət, Azərbaycan və Ermənistan çıxış edə bilər. Onun alternativi böyük bir müharibyə rəvac verə  bilər ki, indiki halda bu Ermənsitan hakimiyyəti üçün daha faciəvi və dramatik nəticələrə gətirib çıxaracaq.  

Azərbaycanın həmsədr dövlətlərdən fəaliyyətsiz olmaları ilə bağlı narazılığı var. Bu yöndə ATƏT sədrinin nümayəndəsi olan Anjey Kaspişikin dərhal dəyişdirilməsi tələbinin olduğunu qurumda da bilirlər. Ancaq məsələ təkcə onun dəyişdirilməsilə həll olunacaq məsələ deyil. Çünki həmin şəxs problemin çözümündə həlledici siyasi amil olaraq çıxış etmir. Azərbaycan bundan daha çoxunu istəməli, ATƏT-in  Minsk qrupundan imtina barədə bəyanat verməlidir. Bütün hallarda Minsk qrupu həmsədrləri son bəyanatla birmənalı olaraq Ermənistanın diqqətinə çatdırırlar ki, format dəyişikliyi mümkün deyil. Dağlıq Qarabağdakı separatçı  rejim prosesdə danışıq tərəfi ola bilməz. Ona görə ki, erməni tərəfini təmsil edəcək iki danışıq tərəfinin olması absurd olduğu qədər də həm də mümkünsüzdür.

Bununla Ermənistana anlatmaq istəyirlər ki, müharibə istəmirlərsə, formatın dəyişdirilməsi iddiasından vaz keçməlidirlər. İrəvana məhz bunu çatdırmaq istəyirlər. ATƏT də dişsiz bir qurumdur. Ondan tutarlı addımlar gözləmək özünü aldatmaqdır”.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat İveta Tonoyan isə həmsədrlərin bəyanatının erməni tərəfi üçün narahatedici olduğunu düşünür.  Onun sözlərinə görə, bəyanatda bir sıra bəndlər narahatlıq doğurur. “Məsələn, 2016-cı ilin Sankt-Peterburq və Vyana razılaşmaları arxa plana keçir. Azərbaycanda bu bəyanatı ruh yüksəkliyi ilə qəbul ediblər, elə bu özü çox şeyi deyir”-Tonoyan bildirib.

Erməni əsilli amerikalı şərhçi, “Forbes”, “The National İnterest”, “Rusiya qlobal siyasətdə” kimi jurnalların yazarı olan Areq Qalstyan isə həmsədrlərin bəyanatında Dağlıq Qarabağın müvəqqəti statusunun və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının münaqişənin nizamlanması üçün zəruri şərtlər kimi vurğulanmasını erməni tərəfi üçün “biabırçılıq” sayır.

“Bizə ayıb olmalıdır və bundan utanmalıyıq ki, Minsk qrupu artıq açıq şəkildə müvəqqəti statusdan danışır, bildirir ki, uduzan tərəf Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizə razılıq verməlidir. Siz təkcə bu haqda düşünün”-o Facebook-da yazıb.

Rüfət NADİROĞLU