Bakının gedişləri İrəvanda ciddi çaxnaşma yaradıb

12 Mart 2019 16:13 (UTC+04:00)

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı görüşü ilə bağlı ötən həftə yaydıqları rəsmi bəyanat İrəvanda ciddi çaxnaşma yaradıb. 

Təsadüfi deyil ki, Ermənistanda Paşinyanın rəqibləri həmsədrlərin bəyanatını Yerevanın danışıqlarda mövqelərinin zəifləməsinin göstəricisi və indiki hakimiyyətin buraxdığı diplomatik səhvlərin nəticəsi adlandırıb. Respublika partiyasının sözçüsü Eduard Şarmazanov hesab edir ki, bu bəyanat Paşinyanın hakimiyyətinə dəyən sillədir və ona göstərilmiş “sarı kartdır”. Hətta sabiq prezident Robert Köçəryan dəmir barmaqlıqlar arasından Paşinyanı ittiham edib.

Bütün bunlara səbəb nədir və hadisələrin belə gedişi İrəvan üçün nə vəd edir?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy bildirdi ki, sözügedən bəyanatın Ermənistanda çaxnaşma yaratması işğalçı ölkədə cərəyan edən daxili savaşın nəticəsidir: “ATƏT-in Minsk qrupu həmsədrlərinin sözügedən bəyanatında problemin həllilə bağlı əvvəlki razılaşmalara əməl edilməsi, ermənilərin formatın dəyişdirilməsi tələbinin yolverilməz olduğu və nahəyət gücdən istifadə olunmaması tələbləri öz əksini tapıb. Bəyanatla Minsk qrupu müzakirədə iştirak edən tərəflərin statusunun dəyişdirilməsilə bağlı məqama rədd cavabı verib. Paşinyanın bu istiqamətdə həmləsi də əslində nəticə almaqdan daha çox, öz mövqeyini gücləndirməyə hesablanmış addımdır. Yəni bəyanatda yeni olan həmsədrlərin müzakirələrin formatı və müzakirə xəttinin dəyişməsinə qarşı olmalarıdır. Bu bəyanatın İrəvanda ciddi çaxnaşma yaratması isə orada olan siyasi qüvvələrin hər birinin prosesi öz maraqları çərçivəsində təhlil etməyə çalışmalarından qaynaqlanır.

Ermənistanda sözügedən bəyanatda səslənən fikirlərə etiraz edənlər də Paşinyana müxalif qüvvələrdir. Ona görə də onlar Paşinyanın atdığı hər bir addımın uğursuz nəticələnməsini öz maraqlarına uyğun hesab edirlər. Bu səbəbdən də həmin məqamdan Paşinyanın mövqeyini zəiflətmək, onu küncə sıxmağa çalışmaq üçün yararlanırlar”. 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ermənilər arasında beynəlxalq birliyin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi fikri hasil olub və bu xüsusda da günahkarı Paşinyanda görürlər: “Ermənistanın son 20 illik  tarixi göstərir ki, Qarabağ kartı işğalçı ölkə üçün hər zaman ciddi təsir və təzyiq potensialına malikdir. Bu nöqteyi-nəzərdən tərəflər bir-birini ittiham edərkən məhz Qarabağ kartından hər zaman faydalanmağa üstünlük verib. Bu mənada ATƏT-in Minsk qrupunun münaqişənin həllilə bağlı son bəyanatının Ermənistanda ciddi müzakirə predmetinə çevrilməsi də təsadüfi sayılmamalıdır. Paşinyan hakimiyyətə gələndən ziddiyyətli bəyanatlarla çıxış edir.

O bir tərəfdən, münaqişənin tənzimlənməsində qondarma rejimin də tərəf olaraq iştirakını ortaya atır. Eyni zamanda, 3 dəfə Azərbaycan Prezidentilə qeyri-rəsmi görüşdə, 4 dəfə xarici işlər nazirləri səviyyəsindəki olan təmasların heç birində qondarma rejim iştirak etməyib. Paşinyan özü də bu görüşlərdə həmin məsələdə iddialı olmayıb. Bununla belə Paşinyan iki ölkənin liderləri arasında keçirilməsi gözlənilən ilk rəsmi görüşdə əsas müzakirə məsələsinin danışıqlar formatında dəyişikliklə bağlı olacağını dilə gətirib. Yəni Prezident İlham Əliyevlə görüşdə Qarabağ separatçılarının da tərəf olaraq prosesdə iştirakı məsələsini müzakirə etmək niyyətini ortaya qoyub. Bu kontekstdə baş verən bir neçə hadisə Paşinyanın mövqeyini xeyli dərəcədə zəiflədib. Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı rəsmiləri heç bir ilkin şərt irəli sürmədən danışıqlar prosesinə qatılmağın vacib olduğunu onun diqqətinə çatdırıblar. Yəni qondarma rejim danışıqlar prosesində iştirak edə bilməz. Eyni zamanda, ATƏT-in sədri Azərbaycanda səfərdə olarkən də anoloji fikri bildirib. Yəni o da qondarma rejimin danışıqlarda iştirak edə bilməyəcəyini təsdiqləyib. Avropa İttifaqının komissarı Yoxannesin son bəyanatı da təsdiqləyir ki, Aİ mövcud formatın dəyişdirilməsi iddiasını qəbul etmir. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın həmin iddiası müxtəlif tərəflərdə ciddi etirazla qarşılanıb. Bu reallıqlar fonunda da Ermənistanda ciddi təşviş yaşanmaqdadır.

Onlarda belə bir inam hasil olub ki, beynəlxalq birlik həmin məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir və onun da günahkarı Paşinyandır. Belə oaln təqdirdə də ölkə daxilində ona qarşı olan ittihamlar güclənməkdədir. Hətta Ermənistanın keçmiş prezidenti Köçəryan da həbsxanadan Paşinyanı hədələyib ki, burada olsa da bir qarış torpağın belə Azərbaycana qaytarılmasına imkan verməyəcək. Daşnaqstyun Partiyası da oxşar fikirlər səsləndirib. Ermənistanda gərginliyin artması, əhalinin sosial durumunun pisləşməsi, bütün bunlar onu göstərir ki, Paşinyan daxili və xarici, xüsusən də münaqişənin həllilə bağlı siyasətində kifayət qədər ciddi problemlərlə üz-üzə qalıb. Ona olan etimad zəifləməyə başlayıb. Belə oaln təqdirdə də Pşainyan öz sələflərinin praktikasına müraciət etməli olur. Yəni daxili auditoriyaya ünvanlanan bəyanatlar verir, bir qarış da olsa torpağın qaytarılmayacağı kimi ifadələr işlədir. Bu da özünü müdafiədən başqa bir şey deyil və narazı auditoriyanı sakitləşdirmək üçün edilən addımdır.  Həmin addımı vaxtilə Köçəryan və Sarkisyan da atıb. Belə bir vəziyyətdə həmsədrlər münaqişə tərəfləri liderləri arasında görüş təşkil etməyə hazırlanşır. Həmin görüş barədə də indidən nikbin proqnozlar verməyə ciddi əsas yoxdur”.

Rüfət NADİROĞLU