Şəki şəhərində media nümayəndələri üçün təlim başlayıb

13 Mart 2019 14:04 (UTC+04:00)

Martın 13-də Şəki şəhərində Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb.

Təlimin açılış mərasimində DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu vurğulayıb və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ölkədə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən və nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edib.

Baş İdarənin rəisi gömrük sistemində islahatlar haqqında ətraflı məlumat verib və vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır.

Mirqasım Vahabov qeyd edib ki, bu il fevralın 1-dən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb. "İslahatların uğurla reallaşdırılması onların mahiyyətinin ictimaiyyətə doğru və operativ şəkildə çatdırılmasından asılıdır", - deyən Baş İdarə rəisi bu istiqamətdə gömrük-media münasibətlərinin rolunu da vurğulayıb. Gömrük orqanlarının media ilə səmərəli və işgüzar münasibətlərə önəm verdiyini bildirən Mirqasım Vahabov "Gömrük islahatlari: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusundakı təlimin gömrük sistemində tətbiq edilən yeniliklərin təbliğində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra təlimdə DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Nazirlər Kabinetinin müvafiq qərarı, Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük işinin təşkilində risk meyarı.

Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələr", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin baş inspektoru Ələkbər Heydərov "Yaşıl dəhliz" buraxılış sistemi və ticarətin asanlaşdırılması" mövzusunda təqdimatlarla çıxış ediblər.

Təlim martın 15-dək davam edəcək.