"Azərbaycan Gürcüstanın real müstəqilliyinə şərait yaradır"

4 May 2013 11:26 (UTC+04:00)
"Tarix və coğrafi şəraiti Azərbaycanın müxtəlif geosiyasi identikliyin yaranmasına səbəb olub". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Prinston Universitetində (LISD) təşkil edilmiş dəyirmi masada "Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr" mövzusunda çıxışında deyib.

O, Azərbaycanın coğrafi mövqeyinə görə Avropanın bir hissəsi, siyasi baxımdan Avropa Şurasının üzvü olduğunu, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak etdiyini bildirib: "Dini cəhətdən böyük İslam dünyasının bir parçası olsaq da, dünyəvi dövlətik və bunu yüksək dəyərləndiririk. Mədəni identikliyə gəldikdə isə türk dünyasına daxilik və Türkiyə, Mərkəzi Asiya, Ural və Sibir xalqları ilə yaxın qohumluq əlaqələrimiz var. Tarixi baxımdan iki yüz il ərzində Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olmuşuq və son dövrlərə kimi bizi "postsovet məkanı ölkələri" sırasına daxil edirdilər. Bundan başqa, ölkəmizi Böyük Yaxın Şərqə, Qara dəniz-Xəzər dənizi regionuna və s. aid edirlər. Beləliklə, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz bir sıra regionlara şamil olunmaqla əsas etibarı ilə ayırıcı xətt rolunu oynamaqdadır".

F. Məmmədov qeyd edib ki, Cənubi Qafqazın üç respublikası müstəqillik əldə etdikdən sonra hər biri özünün fərdi inkişaf yolunu seçib: "Təəssüf ki, bu yollar bir-biri ilə bəzən ziddiyyətdədir. Əfsuslar olsun ki, Cənubi Qafqaz nə siyasi, nə iqtisadi, nə də mədəni inteqrasiya baxımından mükəmməl regiona çevrilə bilməyib. Pozitiv nümunə qismində isə Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığı göstərmək olar. Belə ki, son iyirmi il ərzində ölkələrimiz arasında sağlam, qarşılıqlı faydalı və qarşılıqlı asılılıq prinsipinə söykənən münasibətlər formalaşıb. Azərbaycan özünün əsas neft və qaz kəmərlərini Gürcüstan ərazisindən çəkib, burada dəmir yolu xətti inşa edir və bu ölkənin iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyub. Hazırda bütün region maliyyəsinin 80%-i Azərbaycanda cəmləşib və Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun 76%-i onun payına düşür".
Azərbaycanın bütün diqqətini müstəqil dövlət quruculuğuna yönəltdiyini diqqətə çatdıran SAM direktoru rəsmi Bakının Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə, bu ölkəyə sərmayələr qoymaqla onun real müstəqilliyinə şərait yaratdığını da vurğulayıb: "Lakin regionun üçüncü dövləti Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində özünü regional inteqrasiya proseslərindən tədric edib. Azərbaycan ərazisinin 20%-ni işğal etməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyinə görə Azərbaycan və Türkiyə təcavüzkar dövlətlə sərhədlərini bağlamalı olub.
Əlbəttə, Cənubi Qafqazın qonşu dövlətlərinin və dünyanın güc mərkəzlərinin regiona öz baxışları var. Lakin bu heç də o demək deyil ki, Cənubi Qafqaz ölkələri dünyanın böyük və güclü dövlətlərinin iradələrinin müti icraçıları olmalıdırlar. Hər halda, Azərbaycan və Gürcüstan inkişaf yollarını özlərinin milli maraqlarına uyğun formalaşdırmaqda qərarlıdır.

Azərbaycan və Gürcüstanın inkişafı bu ölkələrin ərazilərində baş verən münaqişələr və onların bir hissəsinin işğalı ilə müşayiət edilir. Biz bütün geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmuşuq və irəlidəki onillikləri hədəfə götürən inkişaf baxışlarımızı formalaşdırırıq. Lakin bu sözləri iqtisadi inkişafını hətta 2008-ci il səviyyəsinə çatdıra bilməyən Ermənistan haqqında deyə bilmərik. Bundan başqa, Ermənistan dövlətinin hərbiləşdirilməsi maksimal həddə çatıb. Hərbi büdcə Ermənistanın ÜDM-in 5,5% artıqdır".

F. Məmmədovun fikrincə, Cənubi Qafqaz yalnız o şərtlə iqtisadi cəhətdən inkişaf etmiş güclü regiona çevrilə bilər ki, buradakı münaqişələr tənzimlənsin, region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlər qurulsun: "Cənubi Qafqazdakı münaqişələr regional təhlükəsizliyə əsas təhdidlərdir və bütün bölgənin asılı vəziyyətə salınmasına şərait yaradır.

Digər tərəfdən, regionda yarımçıq qərarlar, məsələn, ABŞ-ın dəstəklədiyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması kimi səylər həyata keçirilməməlidir. Bu təşəbbüs səmərəsiz olub. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb. Zəbt olunan ərazilər geni qaytarılmayana qədər sərhədlərin açılması mümkünsüzdür. Bu hərəkət təcavüzkar dövləti cəzalandırmağın yeganə formasıdır. Əks təqdirdə, Ermənistan özünün cəzasız qalmasına daha da əmin olacaq. ABŞ-ın bu addımı onun Azərbaycandakı imicinə ciddi ziyan vurub. Belə ki, Azərbaycan əhalisi ABŞ-ın Gürcüstana münasibətdə Cənubi Osetiya və Abxaziyada baş verənləri "təcavüz" adlandırdığını, Dağlıq Qarabağa dair isə birmənalı və praktiki addımlar atmadığını aydın görür".

SAM direktoru terrorçuluq, dini fundamentalizm və digər qlobal tendensiyaların Cənubi Qafqaz regionu üçün təhdidlər olduğunu qeyd edib: "Münaqişələrin nizamlanması bu təhdidlərə qarşı daha səmərəli fəaliyyət üçün şərait yarada bilər. Nə qədər ki, regionda Dağlıq Qarabağ kimi silah, narkotik maddələr istehsal edən, digər qanunazidd fəaliyyətlə məşğul olan nəzarətsiz zonalar var, Cənubi Qafqazın təhlükəsiz region olduğunu deyə bilməyəcəyik. Bizim üçün vacibdir ki, Cənubi Qafqazın qonşuları və dünyanın güc mərkəzləri regionun münaqişədən sonrakı dövrünün mənzərəsi haqqında təsəvvürlərə malik olsun. Azərbaycan və Gürcüstan bütün regionun inkişafını, Cənubi Qafqazda sülh və təhlükəsizliyə təminatı məqsəd götürən aydın xarici siyasət həyata keçirir. Azərbaycan bu illər ərzində regionda öhdəsinə götürdüyü bütün layihələri reallaşdırmaqla özündə məsuliyyətli tərəfdaş obrazını formalaşdırır.

Biz ABŞ-ın Türkiyə, İsrail, Gürcüstan, Yunanıstan, İtaliya kimi müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatçısıyıq. NATO-nun yük və təyyarələri, bütövlükdə Əfqanıstana göndərilən yüklərin 40%-i Azərbaycanın hava məkanından keçir. Bununla yanaşı, bizim ABŞ-la məhsuldar qarşılıqlı münasibətlərimiz Mərkəzi Asiya dövlətləri üçün nümunə ola bilər".