S-400 raketlərinin idarə olunmasında Azərbaycan Türkiyəyə mühüm yardımlar göstərəcək

15 Mart 2019 08:55 (UTC+04:00)

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması məsələsinin cari ilin sonuna qədər öz həllini tapacağı gözlənilir. Bu münasibətlə Türkiyə hərbçiləri S-300 raketlərilə yaxından tanış olmaq üçün Azərbaycana gələcəklər. Bu səfərdə məqsəd hərbçilərin sözügedən raketlərdən istifadə edilməsi qaydaları istiqamətində təcrübə toplamaqdan ibarətdir. 

Qeyd edək ki, bir vaxtlar Azərbaycan Ordusunun zabitlərinin təcrübə toplaması və yetişməsində Türkiyə ölkəmizə hərtərəfli dəstək verib. İndi də öz növbəsində Azərbaycan qarşı tərəfə yardım edir 
Hərbçi ekspert, istefada olan polkovnik-leytenant Mehdi Mehdiyev bildirdi ki, Türkiyədə olan hərbçilərin zenit-raket qurğuları ilə bağlə təlim keçmək üçün azərbaycanlı həmkarlarına müraciət etməsi hərbçilərimizin bu sahədə yüksək təcrübəyə malik olduqlarının əyani göstəricisidir: “Bildiyiniz kimi, Azərbaycan bütün qonşu dövlətlərlə, təbii ki, işğalçı Ermənistanı çıxmaq şərtilə, dostluq münasibətləri qurub. Yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün qonşu dövlətlərlə sağlam münasibətlər qurub. Türkiyə ilə Azərbaycanın münasibətləri isə daha dərin köklərə malikdir. Bu münasibətlər qardaşlıq münasibətləridir. 
Ankara ilə Bakı digər dövlətlərlə müqayisədə bir-birinə daha çox yaxındır. Bütün sahələrdə, o cümlədən hərbi müstəvidə də bu iki qardaş ölkə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Hansı ki, bu inkişaf da öz növbəsində hər iki tərəfin maraqlarına cavab verir. 
Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrini gücləndirmək məqsədilə daha müasir, daha iti sürətli, nişanı dəqiq vuran silahların alınmasına önəm verir ki, bu da dövlətin güc və müdafiə qüdrətinin artırılmasına hesablanmış təbii bir haldır. Türkiyənin Rusiya ilə də münasibətləri çox yaxın münasibətlər səviyyəsindədir. O cümlədən Bakı ilə Moskva arasındakı münasibətlər də olduqca yaxın münasibətlər səviyyəsindədir. Zaman olub ki, Türkiyə ilə Rusiya arasında olan görüşlər Azərbaycan ərazisində baş verib. Bu baxımdan raket-zenit komplekslərilə tanış olmaq, təlim keçmək üçün  qardaş ölkədən olan hərçilərin Azərbaycana gəlməsi onların bizə və əksinə bizim onlara olan dostluq, qardaşlıq, etibarlılıq məsələlərindən irəli gələn addımdır. Ona görə də alqışlanan addımdır. 
Bilirsiniz ki, Azərbaycan ordusunun silahlanmasında Rusiya silahları da mühüm yer tutur. Xüsusən də hərbi hava qüvvələrilə bağlı məsələdə bu belədir. Vaxtilə ordu quruculuğu dövründə Azərbaycana Türkiyə ciddi dəstək olub, yardımlar edib. Azərbaycan zabitləri Türkiyədə təcrübə toplayıb. Bu gün isə Azərbaycan Ordusu öz sözünü deməyə qadir bir ordu səviyyəsinə yüksəlib. Ordumuz dünyanın aparıcı orduları sırasında mühüm yer tutur. Ona görə də Türkiyəli şərbçilərin sözügedən məsələdə təlim almaq və təcrübə toplamaq üçün Azərbaycana müraciət etmələri gözlənilən haldır. Elə məsələlər var ki, Azərbaycan o sahədə təcrübə və praktik nəticələr baxımından daha irəlidə olduğundan, qardaş ölkə də həmin təcrübədən bəhrələnmək bizimlə əlaqə saxlayır. Təcrübə mübadiləsi baxımından bu çox vacibdir. Əslində, hər iki tərəf bir-birindən öyrənir”.
Rüfət NADİROĞLU