Azərbaycan təhsilinin üz qarası-Repetitorluq institutunun ləğvi mümkündürmü?

15 Mart 2019 13:04 (UTC+04:00)

Şagirdlərin repetitorlara müraciəti kütləvi hal almaqdadır. Bir neçə il öncə repetitorlara əsasən buraxılış illərində daha çox müraciət edilirdisə, artıq ölkəmizdə, xüsusilə də paytaxtda repetiror yanına ibtidai sinifdən şagird axını müşahidə olunur. Bu biyabırçı hal ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin aşağı olması, müəllimlərin öz biliyini pulla satması ilə izzah olunur. Repetitor kimi fəaliyyət göstərənlərin mütləq əksəriyyəti elə ümumtəhsil müəssisələrinin müəllimləri olduğundan,  bu iddia da öz təsdiqini tapmış olur. Valideynlər də repetitorlara müraciət etmələrinin səbəbini ümumtəhsil müəssisələrində tədrisin aşağı olması, dərs proqramının qəlizləşdirilməsi ilə izzah edirlər. 
Günel Salmanova adlı valideyn Movqe.az-a açıqlamasında bildirir ki, övladını hələ ibtidai sinifdən hazırlığa qoyub: “Əvvəl proqram elə idi ki, savadsız valideyn belə evdə uşağına tapşırıqları etməyə kömək edirdi, dərslərini öyrədirdi. İndiki proqramdan nə mənim, nədəki həyat yoldaşımın başı çıxır. Uşağı repetitor yanına həm də ona görə göndəririk ki, summativləri işləyə bilsin. Sinifdə hansı uşaq hazırlığa gedirsə summativi işləyib yaxşı qiymət alır, hansı getmirsə qiymətləri aşağıdır. Proqramı çətinləşdirməklə bizi repetitordan asılı vəziyyətə salıblar. Müəllimlərin də çoxu sinifdə dərs keçmir ki, uşaq hazırlığa gəlsin. Amma nə direktor, nədəki Təhsil Nazirliyi heç kəs müəllimdən soruşmur ki, uşaqlar niyə zəif oxuyur. Buna görə də, məktəblərdə tədrisin səviyyəsi günü-gündən aşağı düşür. Bu gün hər kəsə gün kimi aydındır ki, ali məktəblərə qəbulda məzunların göstərdiyi nəticə məktəbin nəticəsi deyil. Uşaq repetitorların yanına hazırlığa getməsə buraxılış imtahanlarında, ali məktəblərə qəbul imtahanlarında çox bərbad nəticə göstərər.  Amma digəl ki, məktəblərdə tədrisin keyfiyyətinə nəzarət yoxdur. Bir sözlə kimin maddi imkanı var uşağı repetitor yanına göndərir, kimin də yoxdursa uşağı oxutdura bilmir”.
Qeyd edək ki, məsələyə bu günlərdə Milli Məclisin Təhsil komitəsinin plenar iclasında, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı da baxılıb. Bu iclasda repetitorluq institutunun ləğvi məsələsi müzakirə olunub.  Komitənin sədri, akademik İsa Həbibbəyli deyib ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq. 
Bəs görəsən müəllimlərin əməkhaqqının artırılması və orta məktəblərdə təmayül qruplarının yaradılması ilə repetitorluq institutunun ləğvinə nail olmaq mümkündürmü?


Təhsil üzrə tanınmış ekspert kamran Əsədov Movqe.az saytına açıqlamasında deyib ki, repetitorluq ölkə təhsilinin baş bəlasına çevrilib: “Ölkənin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində “fəaliyyət” göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan – repetitorluqdan istifadə edirlər. Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər. Bu gün hətta birinci sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. Düzdür, repititor yanında hazırlığın özünü təsdiqləmiş və dünyada sınanılaraq qəbul olunmuş xidmət olduğunu iddia edənlər də var. Lakin istənilən halda, repititor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Əslində təhsildə kütləvi şəkildə repititorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Son vaxtlar abituriynetlərin repititorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyin iki repitirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repititora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlədə qəbul imtahanlartında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. Bundan başqa bildiyimiz kimi şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repititor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünya görüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. Təəssüflər olsun ki, çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir. Belə ki, müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışıyla məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilsə, eyni zamanda repititorluğun leqallaşması, qeydiyyata alınması prosesi baş verərsə, onların sayı, əhatə dairəsi azalar. Repetitorluğun qarşısını təmayülləşmə ilə də almaq mümkün deyil. Bütün atılacaq addımlar fonunda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmalıdır”.
Zülfiyyə QULUYEVA