ADAU-da "Mobil Laboratoriya" layihəsinin təqdimat mərasimi keçirilib

15 Mart 2019 22:11 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Mobil Laboratoriya" layihəsinin təqdimat mərasimi keçirilib.

ADAU-nun rektoru,AMEA-nın müxbir üzvü,professor İbrahim Cəfərov layihə iştirakçılarını salamlayaraq, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini qeyd edərək, universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzu edib.

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edərək, könüllülərin vasitəsilə ilkin maarifləndirmə işləri nəzərdə tutulduğunu bildirərək, layihənin 3 regionda Gəncə, Lənkaran və Şəkidə fəaliyyət göstərən könüllülər tərəfindən icra olunacağını qeyd edib.

Sonra çıxış edən, Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı Zöhrə Məmmədova layihənin əsas məqsədinin fermerlərə gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq olduğunu bildirib. Qeyd edək ki, layihə iştirakçıları cihazların istifadəsi haqqında daha ətraflı məlumatları Abşeron Regional Mərkəzinin Aqrokimya mütəxəssisləri tərəfindən alacaqlar.
                                                             

Əlihüseyn Şükürov.