Azərbaycan Avropa Parlamentində Ermənistana daha bir diplomatik zərbə vurdu

16 Mart 2019 08:00 (UTC+04:00)

Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib. Bu barədə Avropa Parlamentinin qəbul etdiyi və Avropa Şurasına, Avropa Komissiyasının vitse-prezidentinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinə yolladığı rəyinə istinadən məlumat verir.

Sənəddə deyilir: "Şərq tərəfdaşlığı" ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, "Şərq tərəfdaşlığı" ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq".

Xatırladaq ki, 2018-ci il dekabrın 12-də Avropa Parlamenti "Aİ-nin tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadiqliyi"nin təsdiqləndiyi qətnamə qəbul etmişdi. Avropa Parlamentinin bu sənədini Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsi saymaq olarmı və İrəvan üçün proseslərin bu istiqamətdə gedişi nə vəd edir?

Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Avropa Parlamentinin sözügedən sənədi Bakının işğalçı ölkə üzərində birmənalı şəkildə diplomatik sferada növbəti qələbəsidir. A. Mollazadənin sözlərinə görə, düşmən ölkə bundan nəticə çıxararaq beynəlxalq qanunlara riayət etməsə, sözsüz ki, onu qarşıda dünya miqyasında daha ağır günlər gözləyir: “Bu rəylə Avropa Parlamenti artıq beynəlxalq hüquq normalarına əməl etmək kimi bəşəri prinsiplərə qayıtdığını nümayiş etdirdidır. Ona görə də həmin addımla bağlı olaraq Avropa Parlamentini təbrik etmək istəyirəm. Bu baş verməsəydi Avropanın öz daxilində separatizm meylləri güclənə bilərdi. Belə ki, Avropa İttifaqı ölkələri daxilində belə, onun dağılması, ciddi gərginlik yaratması üçün  kifayət qədər təhlükəli separatist hərəkətlər müşahidə edilir. Dağlıq Qarabağ, ümumiyyətlə keçmiş sovetlər imperiyasında olan digər münaqişələrlə bağlı Avropa Parlamentinin beynəlxalq hüquq normalarına əsaslanan rəyi əslində elə Avropanın özünün xilasıdır. Fikrimcə, bu məsələnin bölgəki bütün dövlətlər tərəfindən qəbul edilməsi istiqamətində işimizi davam etdirməliyik. Ermənistan işğalçılıq siyasətinə son qoymasa, işğalçı ölkə öz mövcudluğunu belə itirə və daha ciddi problemlərlə üzləşə bilər. Bu da öz növbəsində əslində bölgədə faciəvi hadisələrə səbəb olar. Gözləyirəm ki, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların bu qərarlardan sonra verəcəkləri gələcək qərarları məhz işğalçı siyasətə son və işğalı həyata keçirən ölkələrə qarşı müvafiq sanksiyaların tətbiq olunmasına gətirib çıxarmalıdır. Bu yol seçilməsə, yəni işğalçılar sülhə məcbur edilməsə, bu separatizmin daha da “çiçəklənməsinə” dəstək vermək demək olacaq. Belədə beynəlxalq hüquq normalarının deyil, məhz gücün hüququn üzərində qələbəsinə gətirib çıxara bilər. Buna yol verməmək üçün də beynəlxalq təşkilatlar məhz hüququn, qanunların gücdən üstün olması və qələbəsinə töhvə verməlidirlər”.     

Rüfət NADİROĞLU