Radikal müxalifətin və anti-Azərbaycan dairələrin yeni narahatlığı

19 Mart 2019 08:00 (UTC+04:00)

Azərbaycanda iqtidar-xalq birliyi getdikcə güclənir. Radikal müxalifətin və xaricdəki anti-Azərbaycan dairələrin bundan narahatılığı getdikcə artır. Səbəb nədir və bu hal həmin düşərgəyə nə vəd edir?

MDHP-nin sədr müavini, politoloq Elşən Mirzəoğlunun fikrincə, radikal müxalifəti narahat edən məqam ölkəmizdə əhalinin rifahının yüksəlməsinə xidmət edən və həyata keçirilən geniş miqyaslı islahatlardır:

“Radikal müxalifət və  xaricdəki anti-Azərbaycan dairələrini narahat edən məqam Azərbaycan hakimiyyətinin apardığı islahatlar nəticəsində ölkədə mühüm sosial layihələrin həyata keçirilməsi və bu sahəyə geniş miqyaslı vəsaitlərin ayrılmasıdır. Hansı ki, bunun da nəticəsində Azərbaycan hakimiyyəti, xüsusən də Prezident İlham Əliyevə olan etimad daha da artıb. Radikalların narahatlığına səbəb olan başlıca amil də məhz bundan ibarətdir.  Müxalifət daxilində bu narahatlığın yaranaraq artmasına heç şübhəsiz Azərbaycan dövlətinin güclənməsi, idarəçilikdə şəffaflıq prinsiplərinin artırılması, sosial ədalət prinsiplərinin gözlənilməsi, ordunun güclənməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması da öz təsirini göstərib.

Bütün bunlar da müxalifətin məlum kəsiyini Azərbaycan hakimiyyətilə münasibətlərdə dişsiz qoyur. Çünki radikal müxalifətin Azərbaycan hakimiyyətinə qarşı səsləndirdiyi ittihamların heç birinin arxasında real fakt və rəqəmlər dayanmır. Xüsusən Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir neçə gün əvvəl həyata keçirilən amnistiya aktı ilə bir qrup ölkə vətəndaşının azadlığa buraxılması dövlət başçısının ölkə insanına münasibətdə humanitar  mövqeyi kimi qiymətləndirilməlidir.  Bu mənada müxalifətin hakimiyyətin ünvanına səsləndirdiyi ittihamların arxasında konkret fakt və rəqəmlərin olmadığını görürük. Eyni zamanda sosial bazanın məhdudluğu, sosial baza ilə işləmək üçün mexanizmlərin işlək vəziyyətdə olmaması, müxalifəti tez-tez müəyyən xarici institutlardan maliyyə almağa, onlara tərəf boylanmağa məcbur edir. Belədə Azərbaycanda xaosun yaranmasında maraqlı olan müəyyən dairələrin dəyirmanına su tökürlər. Nəticə etibarı ilə radikal müxalifət Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, idarə olunan xaos nəzəriyyəsinin prinsiplərini tətbiq etməklə, ölkəmizdə bulanıq suda balıq tutmaq istəyənlərin marağına işləyirlər. Təbii ki, radikalların bütün bu çirkin niyyətləri heç bir nəticə vermir. 

Düşünürük ki, ölkə başçısının həyata keçirdiyi islahatlar bundan sonra da Azərbaycanda demokratik institutların möhkəmlənməsinə, xalqla hakimyyət arasında etimad əlaqələrinin daha da güclənməsinə töhfə verəcək”.

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, radikalların narahat olmasına səbəb xalq-iqtidar birliyi fonunda özlərinin şəxsi maraqlarına dəyən ciddi zərbələrdir: “Azərbaycanda həqiqətən də xalq iqtidar birliyi daha da güclənir. Xalqımızın Azərbaycan iqtidarına olan etimadı sonsuzdur. Çünki bilirlər ki, onların xoşbəxt gələcəyini ancaq mövcud iqtidar təmin edə bilər və edir.

Son dövrlər bildiyiniz kimi, ölkənmizdə cənab Prezidentin təşəbbüsü ilə çoxsaylı islahatlar həyata keçirilir. Hansı ki, bu islahatlar da birbaşa olaraq xalqın, millətimizin maraqlarına cavab verir, onların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Belə olan  halda ölkə əhalinin mütləq əksəriyyəti iqtidarın arxasınca gedir, ona dəstək olur. Bu isə sözsüz ki, sapı özümüzdən olan və xaricdəki Azərbaycanı sevməyən qüvvələri qıcıqlandırır. Özləri xalq üçün nəsə etməyi bacarmayan və yaxud bunu istəməyən həmin sapı özümüzdən oaln baltalar bu fonda Azərbaycanda hakimiyyətin həyata keçirdiyi islahatlardan bərk-bərk narahat olurlar. Bu narahatçılıq həmin xarici qüvvələr daxilində də özünü göstərir. Çünki bilirlər ki, xalqın maraqlarına xidmət edən bu islahatlar fonunda yalnız öz şəxsi və qrup maraqlarını güdənlər daha da iflasa uğrayacaq, onlara ümumiyyətlə heç kim dəstək verməyəcək. Nəticədə onlar ölkə daxilində öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər.  Məhz bu səbəbdən də onlar ölkədə geniş vüsət alan dəyişikliklərdən belə əndişələnirlər. Məhz iflasa uğramaq, sovrularaq tarixin arxivinə getmək qorxusu bu qüvvələri belə narahat edir.

Onu da qeyd edim ki, heç bir xarici və ya daxili qüvvə iqtidarla xalq arasında olan bu birliyə xələl gətirə, onu zədələyə bilməyəcək. Çünki Azərbaycan xalqı kimim-kim olduğunu gözəl bilir. Yəni radikal müxalifət xaricdəki hamilərindən aldığı dəstək fonunda nə qədər çabalasalar da, niyyətlərinə çatmayacaqlar. Bu əsasda xalq iqtidar brliyindən onların narahat olması fonunda  radikalların mövqeyi daha da zəifləyəcək, onlar ümumiyyətlə, heç bir prosesə təsir etmək gücündə olmayan kiçik bir qrupa çevriləcəklər”.

R. SULTANOV