“Məzun evi”nin sakinlərinə bayram sovqatı paylanıldı

19 Mart 2019 10:59 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi xalqımızın bütün əziz bayramlarında öz sevincini ehtiyacı olan ailələrlə bölüşür. 

Novruz bayramında da bu ənənə davam etdirilib. Belə ki, Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində olublar.

Təşkil olunan xeyriyyə tədbirində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan Sosial Müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb. Diqqətə çatdırılıb ki, burda mənzillə təmin edilən məzunlarından 40 nəfərdən çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə yüzdən çox uşaq böyüyür. 

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bayram təbriklərini çatdıran Agentliyinin Aparatın rəhbəri Tariyel Pənahov isə qeyd etdi ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır. Qeyd olundu ki, Məzun Evinin fəaliyyət göstərməsi həyata keçirilən uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum gənclərin rifahına verilən təminatın əyani təzahürüdür. 

Təşkil olunan xeyriyyə tədbirində “Məzun Evi” Sosial Müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylandı. Məzun evinin sakinləri isə öz növbəsində bu əziz bayram münasibəti ilə  təşkil olunan xeyriyə tədbirini, bu xoş məramı dövlətin onlara qayğısı kimi qiymətləndirdilər.