Yüksək diqqət, böyük qayğı

20 Mart 2019 09:00 (UTC+04:00)

Prezident İlham Əliyevin 16 il ərzində atdığı bir-birindən əhəmiyyətli addımlar  nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olmasına əsas yaradan uğurları  xalq-iqdidar birilyinin sarsılmazlığını, ölkənin sürətli inkişafını təmin edib. Neft gəlirlərindən səmərəli istifadə  qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verib. Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını daha da sürətləndirib. Neftlə zəngin çox ölkələr var. Amma o ehtiyatlar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyənləşdirərkən, digər ölkələrin təcrübəsinə istinad etməsi bu problemi bəri başdan aradan qaldırıb. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sanballı layihələrin həyata keçirilməsinə imkan verib. Ölkədə işsizlik 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə enib.

Möhkəm təmələ əsaslanan siyasət sayəsində  bu gün Azərbaycan sürətlə inkişaf edir. Məhz müstəqil, düşünülmüş düzgün siyasət ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırır. Azərbaycan yüksək standartlara malik müasir dövlətə çevırilib. Dövlətin əlində gələcək ilə bağlı inkişaf konsepsiyası var və onun müddəaları ciddi məsuliyyətlə həyata keçirilir. Güclü, qüdrətli Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir, çünki dövlət xalq üçün çalışır, xalq ölkə üçün işləyir. Əsasında insan amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6 144-ə çatıb. 

Prezidenti İlham Əliyevin bu gün imzaladığı 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması tapşırılıb.

Bu, 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək. Beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ə qədər avtomobil təqdim olunacaq. Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək. Artıq bu gün inamla demək olar ki, gələn il ölkəmizdə avtomobilsiz əlil şəxs qalmayacaq.

Ümumilikdə bu gün imzalanan Sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların, o cümlədən müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti ifadəsidir. Ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6 654 mənzil təqdim edilib. Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək.

Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158 manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata çatdırılıb. Eyni zamanda müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

2019-cu il Azərbaycanda sosial təntənə ilə başlayıb və ölkənin inkişaf sürəti ilin təntənə ilə bitəcəyinə indidən zəmanət verir. Bu istiqamət Azərbaycanda idarəetmə modelinin mahiyyətindən irəli gəlir. Dövlətin iqtisadi əsasları gücləndikcə xalqın rifahı daha da yaxşılaşır. Sosial-iqtisadi strategiya iqtidar-xalq münasibətlərinin şəffaflığını və etibarlılığını təmin edən başlıca səbəbdir.

N.NOVRUZ