İşğalçı ölkə yeni ixtişaşlar burulğanında

20 Mart 2019 10:30 (UTC+04:00)

Ermənistanda sosial zəmində keçirilən aksiyaların sayı artır və hökumət qarşısında daha sərt tələblər qoyulur. Belə ki, on ay bundan öncə Paşinyana inanaraq arxasınca gedən xalq onun da ölkəni ağır iqtisadi durumdan çıxarmaq qabiliyyətində olmadığını düyünca, ayağa qalxmağa başlayır. Bu da onu göstərir ki, Ermənistanda qarşıdakı dövrdə hadisələr daha da kəskinləşə bilər.

Hadisələrin bu səpkidə inikaşf işğalçı ölkəyə, buradakı hakimyyətə nə vəd edir?

Siyasi icmalçı Azər Həsrətin fikrincə,  Ermənistanda hadisələrin daxili narazılığın artması fonunda inkişaf etməsi işğalçı ölkənin daha dərin uçuruma düşməsinə səbəb olacaq: “Əslində Ermənistanda yeni hökumətə qarşı sosial zəmində keçirilən aksiyaların güclənəcəyi gözlənilən idi. Hələ Paşinyan hakimiyyətə gələn ilk dövrlərdən proqnoz verirdik ki, o qısa müddətdə ölkənin heç bir problemini həll edə bilməyəcək. Hətta o uzun müddətə belə ölkəsinin düşdüyü problemləri həll etmək qabiliyyət və gücündə deyil. Çünki Ermənistanın sosial problemlərinin həll edilməsi üçün əslində söykənəcək əsas və baza yoxdur.

Ölkə öz-özünü təcrid edib, hər iki tərəfdən sıxılır. Dünyaya çıxışı problemlidir. Ətraf ölkələrlə münasibətləri yaxşı deyil. Üstəlik resurslarla zəngin ölkə deyil ki, onun hesabına problemlərini həll edə bilsin. Ona görə Paşinyan hakimiyyətə gələn ilk dövrlərdən bu səpkidə proqnozlarla çıxış edirdik.  

 Paşinyanın ölkəsinin düşdüyü bu problemləri həll edə bilməməsi həm də onunla əlaqədardır ki, bu adamın siyasi və dövlətçilik təcrübəsi yoxdur. Belə bir durumda əhali də səbirsizləşir. Vaxtilə Paşinyanın arxasınca gedənlər düşünürdü ki, hər şey dəyişəcək və problemlər anidən həll olunacaq. Amma özlərini aldatdılar. İndi də təəssüflənirlər ki, niyə problemləri həll olunmur. Əvvəllər olduğu kimi yenə də təkrar edirik, yaxın zamanlarda Ermənistan adlanan ölkədə sosial-iqtisadi problemlərin həlli gözlənilmir. Belə bir şəraitdə isə əhalinin narazılığının artacağını da proqnozlaşdıra bilərik. Ermənistanda cərəyan edən bu proseslər Paşinyan hakimiyyətinə yaxşı heç nə vəd etmir. Çünki hakimiyyətin dayanıqlığı üçün əhalinin narazılığını minimuma endirmək lazımdır. Paşinyanın isə bu narazılığı minimuma endirəcəyini proqnozlaşdıra  bilmərik. Paşinyan ölkəsini düşdüyü bu çətinlikdən çıxarmaq gücündə olan fiqur deyil. Həm ölkənin iqtisadi imkanlarının zəif olması, həm siyasi arenada ölkənin öz sözünü əvvəlki kimi sərt şəkildə deyə bilməməsi, həm də Paşinyanın özünün təcrübəsizliyi belə bir durumun yaranmasını şərtləndirib. O baxımdan yaxın vaxtlarda Paşinyanı narahat dövr gözlədiyini deyə bilərik”. 

Politoloq Hikmət Hacızadə  də qeyd etdi ki, Ermənistanı qarşıdakı dövrdə daha çətin bir durum gözləyir: “Ermənistanda sosial zəmində narazılığın artmağa başlayacağı gözlənilən idi. Bir müddət ölkə əhalisi Paşinyanın çaldığı havaya inanaraq onun arxasınca getdi. Ancaq indi əhali görür ki, o da əvvəlkilər tək Ermənistanı düşdüyü ağır durumdan xilas etmək bacarığında deyil. İşğalçı ölkənin sosial-iqtisadi Paşinyanın dövründə zərrə qədər də olsa yaxşılığa doğru getmədi. Əksinə, bu müddət ərzində ölkədə vəziyyətin daha da pisləşdiyinin şahidi oluruq.

Sözsüz ki, Ermənistanda  sosial zəmində narazılığın artmasında Paşinyanın devirdiyi “Qarabağ klanı” təmsilçilərinin də əli vardır. Yəni onların düşdükləri  aqibətlərilə sakitcə barışacaqları da gözlənilmirdi. Bu səbəbdən də Ermənistanda hadisələr daha da kəskinləşir. Prosesin gedişi belə deməyə əsas verir ki, qarşıdakı dövrdə işğalçı ölkədə narazı elektoratın hakimiyyətə təzyiqləri daha da güclənəcək. Ermənistanda bu fonda hətta növbəti qarşıdurmanın yaranmasını, inqilabın baş verəcəyini də gözləyə bilərik. Ermənsitan kimi ölkədə belə bir olayın baş verməsi ehtimalı böyükdür.

Yaranmış situasiya sözsüz ki, Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Onu qarşıda daha çətin durum gözləyir. Baxaq görək o, bu çətinliklərdən necə çıxacaq.”

Rüfət NADİROĞLU