Qarabağ münaqişəsi üçün həlledici görüş

28 Mart 2019 09:15 (UTC+04:00)

Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar keçirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşün martın 29-da Avstriyada, Vyana şəhərində baş tutması gözlənilir.

İndilikdə isə yaranmış durumda hamıya məlumdur ki, erməni “havalarının” dirijor çubuğu heç də onun öz əlində deyil. Erməni dövlətinin mövcudluğunu daim küləyin əsdiyi tərəfə əyilən söyüdə bənzətmək olar. Buna görə də Vyana görüşü baş tutub qurtarmayınca onun barəsində danışmaq tezdir. Unutmaq olmaz ki, 2006-cı ildə Parisin Rambuye qəsrində keçirilən birbaşa iki ölkənin prezidentləri arasında görüşün ortalarında Moskvadan Köçəryana edilən zənglə erməni prezident “sancılanaraq” söhbəti yarımçıq qoyub aradan çıxmışdı.

İndi Ermənistanın yeni hakimiyyətin baş naziri Nikol Paşinyan təmsil edir. Ancaq Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsinin həlli məsələsinə ciddi yenilik gətirməyib. Paşinyan taktikanı dəyişsə də köhnə cinayətkar hakimiyyətin işğal strategiyasından əl çəkməyib. Heç münaqişə üzərində dominantlıq ambisiyalırının əsiri olan Kreml də öz məqsədindən əl çəkməyib. Minsk qrupunun həmsədr ölkələri də həmçinin. Əgər bu gün kimsə danışıqlar stolu ətrafında əyləşirsə, bu yalnız Azərbaycanın apardığı diplomatik səylərin səmərəli nəticəsi sayıla bilər. Belə ki, artıq bütün maraqlı tərəflərə aydındır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır: həm danışıqlar yolu ilə, həm də alternativ vasitə kimi müharibə yolu ilə. Bu səbəbdən heç kim kənarda qalmaq istəməyərək son məqsədi uğrunda mübarizədə nəyəsə nail olmaq əzmindədir.

Bu görüş Ermənistan üçün son imkan rolunu oynaya bilər. Görüş baş tutacağı təqdirdə Paşinyan razılığın əldə olunmasına cəhd etməlidir. Bu, onun hakimiyyətinin möhkəmlənməsi və ümumiyyətlə, erməni davlətinin və xalqının gələcəyinin aydınlaşması naminə vacibdir. Çünki, münaqişənin həlli Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına, xarici ticarətin inkişafına, iqtisadiyyatın ayağa qalxmasına, əhalinin güzəranın yaxşılaşmasına birbaşa təsir edə bilər. Dolayısı ilə Ermənbistan bir dövlət kimi asılılıqdan qurtara və tam müstəqilliyə doğru addımlar ata bilər.

Bundan başqa, siyasi cəhətdən də bir dövlət kimi Ermənistan öz mövcudluğunu təsdiqləmək imkanı qazanmış olar. Çünki, tarixdən məlumdur ki, indiki Ermənistan dövlətinin ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Nə qədər ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq planından əl çəkməyib, Azərbaycan bu məsələni daim qabardacaq və müharibəyə əl atsa artıq İrəvanı da azad etmək tələbini qaldıra bilər. Münaqişə sülh yolu ilə həll olunacağı təqdirdə isə beynəlxalq razılaşmalar çərçivəsində qəbul edilmiş sərhədlərin qorunması qüvvədə qalacaq ki, bunun da əsas xeyrini ermənilər görəcək.

Ermənistandakı hazırkı ictimai-siyasi durum çox mürəkkəbdir. Köhnə hakimiyyət geri qayıtmaq eşqilə alışıb yanır. Yeni hakimiyyət isə qazandıqlarını itirməkdən qorxur. Hər iki tərəf, başqa sözlə, Qarabağ və İrəvan klanları siyasi mübarizədə münaqişənin alətə çeviriblər. Ortada qalan xalqdır. Onun nəsibi isə işsizlik və kasıbçılıqdır. “Qarabağ” deyə qışqırmağına rəğmən erməni xalqına özgə torpağı yox, firavan həyat lazımdır. Fikir verin, gənclər hərbi mükəlləfiyyətdən yayınmağa çalışırlar. Bu günlərdə böyük bir dəstə qiyam edərək hərbi hissəni tərk edib. Ancaq sonradan onları geri qaytaran rəhbərlik əsas təşkilatçıları cəzandıraraq işğal edilmiş Qarabağa göndərib. Bu, onu sübut edir ki, həqiqətən Qarabağ özgə torpağıdır və bu ərazidə ölüm ermənilərin başı üzərində asılıb. Belə bir situasiyada isə İrəvanın terrorçu “Sasna Srer” qruplaşması Qarabağın Ermənistana birləşdirilməsi uğrunda kampaniyaya başlayıb. Hərçəndi, bu aksiya Azərbaycanda yaşayan ermənilər tərəfindən dəstəklənməyib, amma fakt onu göstərir ki, bu axırıncı danışıqların pozulması üçün çalışan qüvvələr ayaqdadır. Məsələ burasındadır ki, bu təşkilatın əsas üzvləri Nikol Paşinyan hakimiyyəti ələ keçirəndən spnra azadlığa çıxıblar. Belə olan halda sual yaranır ki, Paşinyan nə üçün danışıqları pozmağa çalışan dəstə üzvlərini həbsdən azad edib. Yox, əgər bunların fəaliyyətinə göz yumulacaqdıs, onda nə üçün danışıqlara razı oludun?!

Beləliklə, martın 29-da Vyanada Paşinyan erməni xalqının taleyini həll edə bilər. Bəlkə də bu, onun son şansıdır. Onun ortaya normal bir sülh konsepsiyası ilə çıxacağı da sual altındadır. Düzdür, Prezident İlham Əliyevin çoxdan bəyan etdiyi və beynəlxalq ictimaiyyət tərəfindən əsasən müdafiə olunan hazır konsepsiya münaqişənin həlli üçün ən məqbul variant sayılır. Baxmayaraq ki, Azərbaycan Dağlıq Qarabağa yüksək status verməyə razılaşmaqla böyük güzəştə yol açır. Lakin Paşinyanın bu konsepsiyanə dərk edib razılaşması haqda eyni sözləri söyləmək mümkün deyil.

N.NOVRUZ