Azərbaycan prezidenti yeni inşa olunan aerovağzal kompleksi ilə tanış olub

6 May 2013 17:38 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Heydər Əliyev Beynəlxalq Aeroportunda "Silkway Technics" şirkətinin yeni inşa olunan anqar kompleksi ilə tanış olub, Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak edib, təzə alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxıb.

 

"APA-Economics"in məlumatına görə, dövlət başçısı yeni aerovağzal kompleksinin tikintisi ilə də maraqlanıb.

 

Azərbaycanda hava yolları ilə sərnişindaşımanın həyata keçirilməsi üçün ilk aerovağzal binası 1933-cü ildə tikilib. Ölkədə beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə Heydər Əliyevin təşəbbüsü ilə tikilib və 1999-cu ildə istismara verilib. O vaxtlar cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb.

 

2003-cü ildən Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoyub. 2004-cü ildə müasir standartlara cavab verən Naxçıvan Beynəlxalq Aeroportu istifadəyə verilib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə aeroportlar istismara verilib. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənib.

 

Hazırda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 20-dən çox şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

 

Prezident İ. Əliyev əvvəlcə "Silkway Technics" şirkətinin yeni tikilmiş anqar kompleksi ilə tanış olub.

 

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına məlumat verib ki, tikintisinə 2011-ci ildə başlanan yeni anqar kompleksində hava gəmilərinə texniki xidmət göstərmək üçün hər cür şərait var. Burada quraşdırılan avadanlıq texniki xidməti dünya standartları səviyyəsində həyata keçirməyə imkan verir.

 

Ümumi ərazisi 26 min kvadratmetr olan kompleksin anqar hissəsinin sahəsi 16 min kvadratmetrdir. Eni 160, hündürlüyü 23, dərinliyi 95 metr olan anqarda eyni vaxtda ən böyük hava gəmisi olan iki "Boinq-747" təyyarəsinə, həmçinin dargövdəli 8-10 təyyarəyə texniki xidmət göstərmək üçün bütün zəruri şərait var. Ofis, anbar, inzibati bölmə və digər texniki otaqların yerləşdiyi kompleksdə yeni texniki xidmət sahələri də yaradılmışdır. Anqarda təyyarələrin interyerinə, şassilərinə, akkumulyatorlarına, qəza-xilasetmə avadanlığına xidmət göstərmək mümkündür. Quraşdırılan xüsusi avadanlıq təyyarə gövdəsinin xaricində olan bütün hissələrə rahatlıqla yaxınlaşmağa və xidmət göstərməyə imkan verir.

 

Azərbaycan prezidentinə aeroportun ərazisində gələcəkdə inşa olunacaq anqarlar barədə də məlumat verilib.

 

Daha sonra dövlət başçısı aeroportda tikilmiş Beynəlxalq Logistika Mərkəzinin açılışında da iştirak edib.

 

Prezident mərkəzi işə salıb.

 

Mərkəzin ümumi sahəsi 12 min 800 kvadratmetrdir. Burada iki qaldırıcı konveyerli transportyor, altı avtomatik qapı, o cümlədən paletləşdirilmiş yüklərin qəbulu və buraxılması üçün konveyerli qapı quraşdırılıb. Beynəlxalq Logistika Mərkəzində 30 tonluq iki, 14 tonluq dörd tərəzi qoyulub. Burada eyni vaxtda 2200 ton, yaxud 5800 kubmetr paletlərdə yük saxlanıla bilər. Mərkəzin ümumi yük dövriyyə qabiliyyəti gündəlik 1200 ton, yaxud 7000 kubmetr olmaqla illik 430 min ton və ya 2 milyon 500 min kubmetrə bərabərdir. Cənubi Qafqazda yalnız Azərbaycanda olan bu Beynəlxalq Logistika Mərkəzində mənfi 18 dərəcədən müsbət 20 dərəcəyədək bütün növ xüsusi temperatur rejimi tələb edən tez xarab olan yüklər, o cümlədən bitki və heyvan mənşəli yüklər, tibbi preparatlar saxlanıla və emal edilə bilər. Yüklərin qeydiyyatı və izlənməsi üçün xüsusi məlumat sistemi yaradılıb. Maksimal yük dövriyyəsi nəzərə alınmaqla hər növbə üzrə burada 44 nəfər çalışacaq.

 

Prezident İ. Əliyev yeni alınmış iki AİRBUS A340-500 sərnişin təyyarələrinə də baxıb.

 

Məlumat verilib ki, maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmiləri birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. AİRBUS A340-500 təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. 237 yerlik avialayner sərnişinlərin rahatlığını təmin və uçuşları maraqlı təşkil etmək üçün bütün zəruri avadanlıqla təchiz olunub. Bildirilib ki, "Azərbaycan Hava Yolları" aviaparkın daha da müasirləşdirilməsi istiqamətində gələcəkdə də fəaliyyəti davam etdirəcək.

 

Prezident İ. Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan yeni aerovağzal kompleksi ilə də tanış olub.

 

Yeni kompleksin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada 24 lift, 30 eskalator, 37 xüsusi X-Ray aparatı quraşdırılacaq. Yeni kompleksdə sərnişinlərin və işçilərin rahatlığını təmin etmək üçün bütün zəruri tədbirlər reallaşdırılacaq. Kompleksdə sərnişinlərin qeydiyyatı üçün 41, pasport nəzarəti üçün isə 52 köşk qoyulacaq. Bundan əlavə, kompleksdə kafe, restoran və digər xidmət obyektləri fəaliyyət göstərəcək. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımalarında xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Müasir standartlara cavab verəcək aerovağzal kompleksi ildə üç milyon sərnişinə xidmət göstərmək gücündədir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Mövcud terminal vasitəsilə yerli aviareyslər həyata keçiriləcək. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Aerovağzal binasının ərazisində eyni vaxtda 13 təyyarəni qəbul edə biləcək teleskopik pilləkən quraşdırılacaq.

 

Görülən işlərlə tanış olan Azərbaycan prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.