Azərbaycanın xarici sərmayə strategiyası özünü tam doğruldur

29 Mart 2019 08:00 (UTC+04:00)

“Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən STAR neft emalı zavodu ildə 500 milyon dollar məbləğində məhsul ixrac edəcək”. Bunu zavodun baş direktoru Mesut İlter mətbuata açıqlamasında deyib.

2011-ci ildə Türkiyədə təməli qoyulan SOCAR-ın STAR neft emalı zavodu ötən ilin ikinci yarısında işə salınıb. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25%-ni ödəməyə qabildir. Zavod qardaş ölkənin daxili bazarı üçün dizel, təyyarə yanaçağı, nafta, ksilen və digər məhsullar istehsal etməyə başlayıb. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton naftadır. STAR Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənat etməsinə səbəb olacaq.

Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artmaqdadır. Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10.4 milyon ton) ödəyə bilir: “2017-ci ildə 24.2 milyon ton dizel istehlak edən Türkiyə 7 milyard dollar dəyərində xaricdən dizel yanacağı idxal edib. Yalnız daxili bazara istehsal edən STAR zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq. Neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq STAR neft emalı zavodunu xammalla dayanıqlı təhciz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Bu razılaşmalar STAR-ın rəqabətqabiliyyətini daha da artırır və fəaliyyətini dayanıqlı edir.

SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil edir. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCARın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19.5 milyard dollara çatacaq. Göründüyü kimi, regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur.

Bu ilin yanvarında STAR neft emalı zavodu (NEZ) ilk məhsulunu “Petkim PetroKimya Holding A.Ş.”yə satıb. Məhsul “Petkim”ə boru kəmərləri ilə çatdırılıb. Bu fakt göstərir ki, Azərbaycanlı mütəxəssislər xarici investisiyaların innovativliyini təmin edən layihələr həyata keçirirlər. Əsasən emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu cür investisiyalar Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.  Burada az məsrəflə daha çox gəlir etmək prinsipi əsas götürülür. Həm də bu prinsip birtərəfli qaydada yox, bütün tərəfdaşları razı salacaq səviyyədə tətbiq edilir. Təsadüfi deyil ki, STAR neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. 2021-ci ildə STAR tam gücü ilə işini yeni ahəngdə davam etdirəcək.

Bu gün dünya iqtisadi aləmində Azərbaycan məhz bu cür dolğun layihələri ilə tanınır. Türkiyə ilə yanaşı Gürcüstan, İran, Rusiya, Serbiya, Xorvatiya, Ukrayna, Belarus kimi ölkələrdə Azərbaycanın investisiyaları ilə uğurlu layihələr həyata keçirilir. Ölkəmizin investator obrazının cizgiləri yeni təkliflərin gəlməsinə səbəb olur. Belə ki, etibarlı və imkanlı tərəfdaş kimi bir sıra ölkələr Azərbaycanı investisiya qoymağa dəvət edirlər. Ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə SOCAR və ayrı-ayrı iş adamları bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edirlər.

N.NOVRUZ