Nazirlik pulsuz ağac tingləri paylayacaq

29 Mart 2019 11:59 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylayacaq. 

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, aprelin 2-ən 10-dək Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək. 

Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.