Əlilliyi olan şəxslərin məşğulluğunda qanunvericilik dolanbacı-ARAŞDIRMA

29 Mart 2019 17:00 (UTC+04:00)

Üç illik kollec, dörd illik universitet  təhsilinin ardınca o, da artıq işləyəcəyini, indiyə qədər onunla birgə tələbəlik həyatı yaşayan, onu dərsə aparıb-gətirən anasının zəhmətinin hədər getməyəcəyini düşünürdü.  Bu ümidlə universiteti başa vuran Bakının Binə qəsəbə sakini Aygün Yaqublu əlində diplom hələ də iş tapmaq arzusu ilə dörd divar arasında qalan yüzlərlə əlilliyi olan şəxsdən biridir.  25 yaşlı həmsöhbətimiz əvvəlcə üç illik Maliyyə  İqtisadiyyat kollecini, ardınca Azərbaycan Pedoqoji Universitetinin Psixologiya və defoktologiya fakultəsini bitirsə də, əlində iki diplomla bu günədək  özünə iş tapa bilmir. 

Əlində iki diplomu olsada...

 

Aygün deyir ki, ali təhsil almasının əsas məqsədi cəmiyyətə inteqrasiya olunmaq, öz çörəyini özü qazanaraq tələbatlarını ödəmək olub. Amma ali təhsilini başa vurduqdan bəri işsizdir: “Ali təhsil  aldım ki, işləyib ömür boyu ailəmdən asılı qalmayım. Amma iş üçün müraciətlərim cavabsız qalır. Hara iş üçün üz tutsam, 1-ci qrup əliliyi olan şəxs olduğumu əsas gətirib məni işə götürməkdən imtina edirlər. Ötən ilin avqust ayında qeydiyyatda olduğum Xəzər rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət etdim. Amma Məşğulluq Mərkəzindən mənə bildirdilər ki, əllillik qrupum 1-ci qrupa aid olduğum  üçün işləyə bilmərəm. Halbuki, 2016-cı ilin yanvar ayında Azərbaycanda əlillik dərəcəsinin verilməsi üçün yeni meyarlar müəyyənləşib.   Həmin meyyarlarda göstərilib ki, əlillik səbəbinə görə heç bir şəxsə işə götürməkdən imtina edilə bilməz. Belə aydın oldu ki, dəyişən yalnız kağız üzərində olan qanunlardır. Bizim üçün isə heç nə dəyişməyib...”.


“Kənar şəxsdən edilən qulluğa ehtiyacı var”sa...


Aygün bildirir ki, onun hərəkət etməsində ciddi problem yoxdur: “Mən 1-ci qrup əlilliyi olan şəxs kateqoriyasına aid olsam da, öz işimi özüm görə bilərəm. Bu gün evin içərisində kömək olmadan gəzirəm. Yəni, əgər işləyərəmsə, mənə istisna hallarda kiminsə köməyi lazım gələcək. Sahibkarlar iş üçün vakansiyaları Dövlət Məşğulluq Xidmətinə təqdim edirlər. Biz də iş üçün bu qurumun qeydiyyatda olduğumuz rayon üzrə idarəsinə müraciət etdikdə, bizə əllilik qrupumuzun 1-ci qrup olması, verilən arayışda “kənar şəxsdən edilən qulluğa ehtiyacı var” sözləri əsas gətirilərək rədd cavabı verilir. Amma heç kəs nəzərə almır ki, 1-ci qrup əlilliyi olan şəxslər arasında elələri var ki, işləyə bilər. Bunun üçün normal ofis şəraitinin olması kifayətdir. Məsələn mən 1-ci mərtəbədə ofisi olan bir iş yerində işləyə bilərəm. İşə gəlib-getməyimə də anam kömək edəcək. Amma digəl ki, işə götürən yoxdur. Çox təəssüf ki, bu gün sahibkarların da əksəriyyəti 1-ci qrup adı gələndə diksinib kənara çəkilirlər. Onların nəzərində biz işçi yox, artıq yükük.  Əliliyi olan şəxs olduğumuz üçün bizi tamamilə təcrid edirlər. Özümü cəmiyyətin gözündə heç bir işə yaramayan insan kimi təsəvvür edirəm. İşləmək bir qrupda təhsil aldığım digər qızlar kimi, mənim də haqqımdır. Onlar arasında çoxu işləyir, amma mən bu gün tamamilə evə və özümə qapanmış vəziyyətdəyəm”.


Aygün hazırda aldığı pensiya ilə dolanır. Özünün sözü ilə desək, əgər buna dolanmaq demək mümkündürsə...
Qeyd edək ki, bu gün ölkədə Aygün kimi ali təhsilli amma pensiya ümidinə yaşayan əlilliyi olan şəxslərin sayı az deyil. Baxmayaraq ki, 2016-cı ildə Nazirlər Kabinetinin təsdiq etdiyi  “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd olunub ki, “Birinci dərəcə əlillikdə qüsurların və ya funksiya pozğunluqlarının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əliliyi olan şəxs, xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Yəni əlillik səbəbinə görə heç bir şəxsə işə götürməkdən imtina edilə bilməz”
Bəs görəsən belə halda Dövlət Məşğulluq Mərkəzləri 1-ci qrup əlilliyi olan şəxsləri işlə təmin etməkdən hansı əsasla imtina edir?


“1-ci qrup əlilliyi olan şəxslər üçün  xüsusi əmək şəraiti olan iş yerləri yoxdur”


Elə bu sualla ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik. Xidmətə rəsmi ünvanladığımız sorğumuza verilən cavab isə belə oldu: “Sorğunuza cavab olaraq bildiririk ki, 1-ci qrup əlilliyi olan Aygün Yaqublunun məşğuluğunun təmin edilməsi üçün müvafiq işlər aparılıb. Lakin qanunvericilikdə 1-ci dərəcəli əlilliyi olan şəxslərin işləməsi üçün xüsusi əmək şəraiti tələb olunur. Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına təqdim olunmuş boş (vakant) iş yerləri içərisində 1-ci qrup əlilliyi olan şəxslər üçün  xüsusi əmək şəraiti olan iş yerləri olmayıb. Bu barədə Aygün Yaqubluya da bildirilib. Bununla yanaşı, Aygün Yaqublunun əlillik haqqında sənədində kənar şəxsin köməyinə ehtiyacı olduğu qeyd edilib. Ona Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən özünüməşğulluq proqramına cəlb edilməsi təklif olunub. Amma Aygün Yaqublu bundan imtina edib. Əgər məşğulluq xidmətinə 1-ci qrup əlilliyi olan şəxslər üçün  xüsusi əmək şəraiti olan vakant iş yeri təqdim olunarsa, Aygün Yaqubluya təklif olunacaqdır. Yəni, Aygün Yaqublunun işlə təminatı diqqətdə saxlanacaqdır”.


Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Nəcməddinqızı bildirir ki, bu gün vakant iş yerləri arasında 1-ci dərəcəli əlilliyi olan şəxslərin işləməsi üçün xüsusi əmək şəraiti olmadığından, üstəlik qanunla bu qrupa daxil olan şəxslərin işləməsi üçün  xüsusi əmək şəraiti olan iş yerləri tələb olunduğundan onların işlə təminatında belə problemlər yaranır. Amma bununla belə, Xidmət sözçüsü deyir ki, əliliyi olan şəxslərin məşğuluq imkanlarının artırılması, onların əmək bazarına çıxışına şərait yaradılması daim diqqətdə saxlanılır: “Məşğulluq haqqında qanunda da bu məsələ öz əksini tapıb. Belə ki, 2018-ci ildə Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işlə təmin edilənlərin 549 nəfəri, özünüməşğulluq proqramına cəlb edilən 7267 nəfərdən isə 1000 nəfəri əlilliyi olan şəxslərdən ibarətdir. (İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı həssas qruplara, o cümlədən əlilliyi olan vətəndaşlara üstünlük  verilir). Eyni zamanda, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir. Ötən il nazirliyin xətti ilə əlavə olaraq 440  nəfər əlilliyi olan şəxs əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Həmin şəxslərdən 85 nəfəri DMX tərəfindən, 355  nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Həmçinin mütəmadi olaraq əlilliyi olan şəxslərin işlə təmin olunmasına yardım etmək məqsədilə DMX tərəfindən bütün imkanlar araşdırılır, yeni layihələr, təkliflər irəli sürülür”.
Aygün Yaqublu isə bu gün 1-ci qrup əlilliyi olan şəxslərin işləməsinə əsas maneənin onlara verilən arayışda qeyd olunmuş “kənar şəxsdən edilən qulluğa ehtiyacı var” sözlərində və  qanunda “xüsusi əmək şəraiti” barədə qeydinin olmasında görürür. Həmsöhbətimiz iddia edir ki, o, xüsusi əmək şəraitinin olmadığı iş yerində də işləyə bilər: “Mən Dövlət Məşğulluq Xidmətində çalışanlara başa sala bilmirəm ki, bu gün mənim kimi yüzlərlə əlilliyi olan şəxs var ki, onun işləməsi üçün xüsusi əmək şəraiti tələb olunmur. Üstəlik bizim hər yerdə, hər saatda kənar şəxsin qulluğuna ehtiyacımız yoxdur. Mən arabaya məhkum deyiləm axı... Hamı üçün normal iş şəraiti olan ofisdə mən də işləyə bilərəm. Bu qeydlər bizim işlə təmin olunmağımıza süni yaradılmış əngəldən başqa bir şey deyil”.


“Əlilliyə əmək zəmanəti verəndə konkret hansı peşədə işləyə biləcəyi qeyd olunmalıdır”-deputat

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə deyir ki,  bu gün əlilliyi olan şəxslərin işləməsinə əsas maneə, iş yerlərində müvafiq şəraitin olmamasıdır: “Hamımız deyirik və istəyirik ki, əlilliyi olan şəxslər işləsin. Amma gəlin vakant iş yerlərinə nəzər salaq ki, onların hansında 1-ci qrup əlilliyi olan şəxslərin işləməsi mümkündür? Elə əlilliyi olan şəxslər var ki, onlar arabadadırlar. Elələri də var ki, dünya işığına həsrətdirlər. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır”.
M. Quliyevin fikrincə, bunun üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlər Kabineti normal əsasnamələr və təlimatlar hazırlamalıdır: “Əlilliyə əmək zəmanəti verəndə konkret hansı peşədə işləyə biləcəyi qeyd olunmalıdır. İş yerlərindəkilər mütəxəssis deyil ki, əlilliyi  olan şəxsin harada işləyə biləcəyini anlasınlar. Ona görə də, əvvəla əlilliyi olan şəxslərin sənədində harada işləyə bilməsi göstərilməsidir. Mənim fikrimcə, 1-ci qrup əlilliyi olan şəxslər xüsusi iş yerlərində işləməlidirlər. Əks halda bu əlilliyi olan şəxsin səhhətinə pis təsir edə bilər. Belə olmadığı təqdirdə , heç iş yeri də onu işə götürməyəcək”.
Deputat deyir ki, məsələdən çıxış yolu,  əlilliyi olan şəxslərə uyğun iş yerlərinin yaradılmasıdır: “İş yerlərində 1-ci qrup əlilliyi olan şəxslər üçün xüsusi yaradılmış şərait qurulmalıdır.  Qeyd edim ki, xüsusi şərait əlilliyi olan şəxlərin əlilliyinə görə dəyişməlidir. Sovet dövründə belə təcrübə vardı ki, əlilliyi olan şəxslər üçün xüsusi müəssisələr fəaliyyət göstərirdi. Orada əlilliyi olan şəxslər çalışırdı, şərait də onların vəziyyətinə uyğun qurulmuşdu”.


Əlilliyi olan şəxslər rəqabətqabətli əmək bazarında hamı ilə bərabər işləməlidir!

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə belə qənaətdədir ki, əlilliyi olan şəxslərin rəqabətli əmək bazarında çalışmaları təmin olunmalıdır: “Azərbaycanın da qoşulduğu konvensiyalarda qeyd edilib ki, əlilliyi olan şəxs rəqabətqabətli əmək bazarında hamı ilə bərabər işləyə bilər. Elə əlilliyi olan şəxslər var ki, onların sağlam insanlarla bərabər işləməsi mümkündür”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsini tənqid edən S. Məmmədov düşünür ki, komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı, heç bir beynəlxalq standartlara cavab verməyən qanunları ötürməklə məşğuldur: “Praktikada əlilliyi olan şəxslər üçün elə şərait yaradılmalıdır ki, onlar mümkün dairədə özü özünü saxlasın. Dövlət isə bu məsələdə ona sadəcə dəstək versin. Sovet dönəmində sosial müəssisələr var idi – görmə, eşitmə qabiliyyətini itirmiş və s. əlilliyi olan şəxslərin cəmiyyətləri , işlədikləri fabrik və zavodlar fəaliyyət göstərirdi. Bu gün o müəssisələrin bərpası ilə bağlı fikir səsləndirən deputat bilməlidir ki, belə sosial müəssisələr olsa da, onların istehsal etdiyi məhsulları satmaq üçün bazar olmalıdır. Bundan əlavə əslində əlilliyi olan şəxslər rəqabətli əmək bazarında təmsil olunmalıdırlar”.


Beynəlxalq təcrübədə necədir?


S. Məmmədov bildirir ki, əlilliyi olan şəxslərin qarşısına "kənar şəxsin köməyinə ehtiyacı var" barədə qeydin sədd kimi qoyulması, ölkəmizin  qoşulduğu BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında " Konvensiyaya ziddir: “Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabatını verməlidir. Məşğulluq Xidmətinin bu cavabı birbaşa bu Konvensiyanın əksinədir. İnsanı əlilliyi olduğu üçün günahlandırmaq ki, buna görə işlə təmin etməmək absurd fikirdir. Bu cavabı ancaq mənəvi qüsurlu insan verə bilər. Ona görə də, mən hər zaman deyirəm ki, ilk növbədə əlillik dərk olunmalıdır. Çox təəssüf ki, bu gün əlilliyi olan şəxslərlə işləyən rəsmi qurumların nümayəndələri əlilliyi dərk etmirlər.  Ona görə, əlilliyi olan şəxslər  ancaq dövlətdən verilən müavinəti gözləməyə məcbur olurlar”.


Həmsöhbətimiz deyir ki, bu məsələ Xorvatiya təcrübəsində çox sadə şəkildə həll edilib. “Nümunə olaraq, bizə yaxın olan dövləti – Xorvatiyanı götürək. Bu ölkədə əlilliyi olan şəxslərlə bağlı xüsusi fond yaradılıb. İşəgötürən əlilliyi olan şəxsi qəbul edir. Amma onun hasil etdiyi məhsul sağlam işçinin mənfəətindən azdırsa, bu maaşına təsir etmir. Həmin fond işəgötürənin qarşısına tələb qoyur ki, əlilə də sağlam işçiyə verdiyin qədər maaş ver, əskik qalan hissəni ödəyəcəyəm. Buna aktiv dəstək deyirlər. Bizdə isə əlilliyi olan şəxsə deyirlər ki, sən otur evdə, müavinəti al. Belə olmalı deyil. Xorvatiyada əlilliyi olan şəxslərin işləməsi üçün hər cür şərait yaradılır. Hətta əlilliyi olan şəxsin kənar şəxsin köməyinə ehtiyacı varsa, beş nəfər əlilliyi olan şəxsə bir nəfər sağlam insan kömək üçün ayrılır. Bu ölkədə daun sindromlu əlilliyi olan şəxslərin belə işləməsinə şərait yaradılır. Bizdə isə, adi dayaq-hərəkət sistemindəki probleminə görə 1-ci qrup əlilliyi olan ali təhsilli, ağlı başında olan, bizim kimi intellektual işlərdə çalışma potensialı olan şəxslər işsizdir".  


Əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarlarlar hazırlanıb


Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən isə bildirdilər ki, Əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Gələn ilin əvvəlindən isə həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir: “Yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlanıb. Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların hazırlanması və tətbiqi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarının artırılmasına xidmət edir”.
Zülfiyyə QULUYEVA