Azərbaycan yoxsul ölkələr üçün donor ölkələr sırasında yer alacaq

30 Mart 2019 07:35 (UTC+04:00)

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bildirib ki, Azərbaycan yoxsul ölkələr üçün donor olacaq. M.Temponun bu sözləri təsadüfi dilə gətirilmiş fikir yox, uzun illər ərzində sabit və sürətli inkişafı təmin etməyi bacaran Azərbaycanın imkanlarının təhlil edilib dəyərləndirilməsi əsasında ortaya çıxan məqsədli proqramdır. Düzdür, bu, hələlik layihə və təklifdir. Lakin Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq. Belə bir nəcib və xeyirxah hərəkata qoşulduğuna və yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə regional direktor Azərbaycana minnətdarlığını bildirib: “Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq”.

Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb: “Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər”.

Hazırda dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət zəkir ki, onlargn da 70%-ni qadınlar təşkil edir. Dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal Yoxsullura dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30000 uşaq vəfat edir. 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir. Dünyada 800 milyon adam lazımınca qidalanmır, 1,1 milyard adam isə gündə 1 dollardan da az vəsaitlə dolanmaq məcburiyyətindədir, 1,2 milyard adam isə ümumiyyətlə içməyə su tapmır. 

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artıb. Nə qədər acınacaqlı olsa da, fakt belədir ki, yer üzündə hər dəqiqədə 1 kasıb ana, hər saniyədən bir isə 1 körpə dünyasını dəyişir. Səbəb - milyonlarla qadın və uşaqların yoxsulluğa məruz qalaraq, ilkin səhiyyə xidmətindən istifadə imkanının olmamasıdır.

Artıq 16-cı ildir ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Bu yolun özülü isə ötən əsrdə “Əsrin kontraktı” ilə qoyulub və ölkəmizdə gedən bütün iqtisadi islahatların sürətləndirilməsi üçün lokomotiv rolunu oynayıb. Azərbaycan ən güclü iqtisadi səmərəyə malik neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi demək olar ki, bölgənin enerji xəritəsini böyük dərəcədə dəyişdirib. Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə Cənub Qaz Dəhlizinin yaradılması bu istiqamətdə işlərin miqyasını daha da genişləndirəcək.

Nəqliyyat sektorunda şimal-cənub, şərq-qərb dəhlizləri Azərbaycandan keçir. Bakı-Tiflis-Qars dəmir yolu işini uğurla davam etdirir. Strateji əhəmiyyətə malik Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi davam edir.  Ölkənin avtomobil yolları, əsas avtomagistrallar və kənd yolları yenidən qurulur, tikilir. Ələt qəsəbəsində istifadəyə verilmiş yeni Beynəlxalq Dəniz Ticarəti Limanı Xəzər hövzəsində ən böyük ticarət limanıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Cənubi Qafqazın enerji mərkəzidir, iqtisadi mərkəzidir, dinlərarası münasibətlərin mərkəzidir, tolerantlıq mərkəzidir, sənaye mərkəzidir və nəqliyyat mərkəzidir.

Bu gün Azərbaycanın potensialı o qədər böyükdür və artım o qədər sürətlidir ki, artıq regional məsələlərdən beynəlxalq layihələrin gerçəkləşdirilməsi imkanları yaranıb. İndiyə qədər dünyanın bir çox ölkələrində mədəniyyət və incəsənət, habelə humanitar sahələrdə təmənnasız layihələr həyata keçirən Azərbaycanın yoxsulluqla mübarizəyə beynəlxalq səviyyədə qoşulması tamamilə təbiidir. Ölkənin valyuta gəlirləri, daimi gəlir gətirən iqtisadi strukturu bu mülahizəni stimullaşdırır. Artıq çoxdandır ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara vəsait ayırır, donor kimi öz fəaliyyə göstərir. 25 il bundan əvvəl xarici investisiyalar olmadan inkişaf edə bilməyən Azərbaycan indi özü xarici ölkələrdə investor kimi tanınır.  Ölkəmiz öz investisiyalarını başqa bazarlara, başqa iqtisadiyyatlara yatırır ki, bundan da həm iqtisadi, həm siyasi səmərə görür.

Hazırda Azərbaycanda yoxsulluq həddi cəmi 5 faizə düşüb. Halbuki Afrika və Asiya regionunda yerləşən bir sıra ölkələrdə, məsələn, dünyanın ən yoxsul ölkələri hesab olunan Nigeriya, Sudan, Banqladeş kimi ölkələrdə yoxsulluğun səviyyəsi 70 %-ə bərabərdir. Belə ölkələrə yardım əlini uzatmaqla Azərbaycan beynəlxalq aləmdə formalaşmış sosial ölkə imicini daha da gücləndirəcək.

N.NOVRUZ