15 bankın taleyi sual altına düşür

7 May 2013 08:58 (UTC+04:00)

Məlumat verildiyi kimi cari ilin sonuna qədər ölkədə fəaliyyət göstərən kommersiya bankları nizamnamə kapitallarını 50 milyon manata çatdırmalıdır. Bu tələbin yerinə yetirilməsinə 7 aydan bir az artıq vaxt qalsa da, əksər banklarda vəziyyət qənaətbəxş sayıla bilməz. Yəni onların bir çoxu hələ də nizamnamə kapitalının göstərilən həddə qədər artırıması istiqamətində zəruri addımlar ata bilməyiblər.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, yalnız artıq 14 bank məcmu kapitalla bağlı tələbə uyğunlaşıb. Daha 4 bank məcmu tələbin 80 faizinə əməl edib. Təxminən 20-dən artıq bank isə bu tələbdən uzaqdır. Tələbin irəli sürüldüyü 2012-ci ilin iyul ayından bəri bankların məcmu kapitalın artırılması sürətindən görünür ki, bankların təxminən 30-35 faizi bu tələbə əməl edə bilməyəcək. Bu isə təxminən 15 bank deməkdir. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da etiraf edib ki, ölkədə bir sıra bankların məcmu kapitalını 50 milyon manata çatdırması ilə bağlı problemi var. O bildirib, məcmu kapitalın artırılması ilə bağlı tələbə cavab verməyən banklarla fərdi qaydada çalışırlar. Onun sözlərinə görə, bir sıra banklarda problemlər var, onlar kapitalın artırılması və konsolidasiya haqqında düşünürlər.

Baş bankir söyləyib ki, Mərkəzi Bankın banklara təklifləri var: "İlkin təkliflərimiz təbii ki, birləşmə təklifidir. Banklar bu tələbə gedib-gedə bilməyəcəklərini indidən bilməlidirlər. Əgər kapitallarını artıra bilmirlərsə, birləşmə prosesinə indidən başlamalıdırlar". Elman Rüstəmov əlavə edib ki, kapitalını artıra və birləşə bilməyən bankların bank olmayan kredit təşkilatına çevrilməsi realdır: "Əgər onların kapitalları çatmırsa, yaxşı bazar mövqeləri varsa, sağlam portfelə malikdirlərsə, bank olmayan kredit təşkilatı kimi kifayət qədər effektiv fəaliyyət göstərə bilərlər".

Hələlik isə proseslərin inkişaf axarı belə qənaətə gəlməyə əsas verir ki, ilin axırın aqədər bir neçə bank fəaliyyətini dayandıracaq.Belə bankların bank olmayan kredit təşkilatları (BOKT) formasında fəaliyyət göstərməsi isə məqbul sayılır. Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, həmin banklar bazardan çıxmasın, BOKT kimi fəaliyyətini davam etdirsin. Mövcud qanunvericilik 300 min manatlıq kapitalla BOKT təsis etməyə imkan verir. Amma bu gün qüvvədə olan qaydalara görə, banklar birbaşa BOKT-a çevrilə bilməz. Yəni bank fəaliyyətini dayandırmalı, daha sonra isə BOKT kimi işləməlidir. Qeyd edək ki, bu gün Azərbaycanda 43 bank var. Lakin bunların yarısının bank sektorunda heç bir rolu yoxdur. Ona görə də bankların sayının azaldılması, onların likvidliyinin artırılması bankların ölkə iqtisadiyyatındakı rolu baxımından vacib şərtdir. Bunun müsbət tərəfi odur ki, banklar keyfiyyətli xidmətə, şəbəkələşməyə üstünlük verəcək. Bankların sayı az olduğundan onların müştəri çevrəsi genişlənəcək, müştəri çevrəsinin genişlənməsi bankların əməliyyat xərclərinin azalmasına imkan verəcək. Digər tərəfdən, bankların xarici bazarlara çıxış imkanları artacaq, ucuz resurs cəlb etmək imkanları genişlənəcək. Bütün bunlar kredit faizlərinin aşağı düşməsini şərtləndirən amillərdir.

Xatırladaq ki, məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minir. Hazırkı qaydalara görə, bankların nizamnamə kapitalına qoyulan tələb 10 milyon manatdır. Qoyulan vaxtın azalmasına baxmayaraq, bəzi banklar hələ də tələb olunan nizamnamə kapitalının formalaşması istiqamətində lazımi addımlar ata bilməyib. Elə bu səbəbdən ekspertlər də, müddətin azlığını nəzərə alaraq, bəzi bankların bank sektorunu tərk edəcəyini bildirir. Xatırladaq ki, bir müddət əvvəl "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin MDB maliyyə təşkilatları üzrə rəhbəri Dmitri Abramov da bildirmişdi ki, Azərbaycanda bank bazarında kapitallaşmanın birinci mərhələsindən sonra bəzi bankların fəaliyyətini dayandırması gözləniləndir. Proseslər artıq buna doğru gedir. Əksər ekspertlər də hesab edir ki, Azərbaycanda əhalinin sayı, coğrafi ölçülər və digər parametrlər nəzərə alınarsa, bankların sayı çoxdur. Bu səbbədən onların sayının azalması məqbul sayılır.