Aqrar Universitetdə soyqırım qurbanlarının xatirəsi yad edilib

30 Mart 2019 19:15 (UTC+04:00)

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Hər il olduğu kimi yenə Azərbaycan Dövlət Universitetinin bütün fakültələrində və tələbə evlərində soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, daha bir anım mərasimi isə Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat fakültələrində keçirilib. İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının keçirdiyi tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciəni əks etdirən film nümayş olunub.

Kafedra müdiri, professor Azad Bayramov çıxışında deyib ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Anım mərasimində çıxış edən kafedranın müəllimi Səbinə Əlizadə, tələbələrdən Güldəstə Qocayeva, Oktay Məmmədzadə, Səlbinaz Məmmədova və başqaları faciənin tarixi köklərindən danışıb. Bildiriblər ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.

Anım mərasiminə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yekun vurub və bildirib ki, tarixi həqiqətlər bir daha sübut edir biz laqeyidliyi, unutqanlığı kənara qoymalıyıq. Gənclərimizi düşmənə amansız olmaq ruhunda tərbiyə etməliyik, onlara mübariz olmağı, düşmənin kimliyini aşılamalıyıq. Təbii ki, bunları da biz müəllimlər etməliyik.
Əlihüseyn Şükürov.