Türkiyənin Ege Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub

30 Mart 2019 18:45 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekan müavini Eftal Düzyaman, bitki mühafizəsi kafedrasının müdiri Enver Durmuşoğlu, bitkiçilik kafedrasının müdiri Hakan Geren, Kənd təsərrüfatı maşınları kafedrasının müdiri Erdem Aykas Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. Səfərin məqsədi universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikili diplom layihələrinin həyata keçirilməsi üçün mövcud şəraitin qiymətləndirilməsi olub. Universitetin maddi-texniki bazası, təhsil şəraiti, tədris prosesi ilə yaxından tanış olan qonaqlar müvafiq kafedralarda professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirmiş, habelə Goranboy rayonunda yerləşən "Region Aqropark"a səfər etmişlər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşdə aqrar təhsilə dövlət dəstəyindən, yaradılmış şəraitdən məmnunluqlarını bildirən qonaqlar burada birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğunu bildirmişlər. Qonaqlara təşəkkürünü bildirən rektor aqrar təhsilə dövlət dəstəyi,  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, milli və beynəlxalq səviyyədə rəqabətədavamlı  kadrların hazırlanmasında ikili diplom proqramlarının rolundan və bu istiqamətdə əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb. Sonra ikili diplom tətbiq ediləcək proqramların hər biri üzrə fikir mübadiləsi aparılıb. Keçirilən görüşlərdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.

                   

Əlihüseyn Şükürov.