Məlumdur ki, mart ayında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu il ərzində yenidən müxalifətlə dialoq aparılacağını bildirmişdi. Amma hadisələrin inkişafı göstərir ki, radikal cəbhə belə dialoqa heç bir cəhd göstərmir. Müxtəlif addımlarla dialoqun baş tutmasında maraqlı olmadığını aydın göstərir, məsələn, Azərbaycan əleyhinə olan bəzi xarici qüvvələrlə açıq işbirliyinə gedir. Beləliklə də bəzi əcnəbi anti - Azərbaycan təşkilatları ilə əməkdaşlığı iqtidarla olacaq dialoqdan ön plana çəkir.
"Müxalifət xarici qurumlarla əlaqələri
hakimiyyətlə münasibətlərdən daha vacib sayır"
Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, ümumiyyətlə,
dialoq mühiti ona görə formalaşmadı ki, 1990 - cı illərin əvvəlində
hakimiyyətdə təmsil olunub, sonradan iflasa uğrayan qüvvələr
növbəti iqtidarı tanımadılar: "Bu qarşılıqlı inkarçılıq prosesi də
daha sərt münasibətlərin əsasını qoydu. O dövrdə ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı ümumi siyasi münasibətlər sistemi
üçün yalnız müsbət hadisələri vəd edirdi. Amma təəssüf ki,
zamanında xalqın böyük etimadını üzərində daşıyan qüvvələr sonrakı
dövrdə bu siyasi "kredit"i xərclədilər. Artıq nəyin bahasına
olursa-olsun, münasibətləri barrikada və səngər psixologiyasında
saxlamağa meyləndilər. Beləliklə də tərəflər hər zaman danışanda
sanki atəş açmış oldular və illər ərzində dövlət başçısına
prezident deməmək, mətbuatda kimisə tanımamaq xəbərləri dərc etmək
və s. kimi mövqeləri gördük. Əlbəttə, adekvat olaraq, hakimiyyət də
bir sıra hallarda eyni sərtliyi sərgiləmiş oldu. Amma bütövlükdə
götürdükdə, dialoq hər zaman gərəkli olub. Çünki, milli məsələlərdə
bir masa arxasında olmaq, problemləri diskusiya etmək, ictimai
mənafelərə bağlı əsas məsələləri ayırmaq və burada Azərbaycan
əleyhinə cəbhə açmamaq daha önəmli idi. Qeyd etdiyiniz kimi,
müxalifət xarici qurumlarla əlaqələri hakimiyyətlə münasibətlərdən
daha vacib sayır. Bu da başadüşləndir. Çünki, belə hesab edirlər
ki, əgər beynəlxalq təşkilatlar hakimiyyəti daha çox sıxsalar, bu,
avtomatik onlara siyasi dəstək anlamına gələcək. Halbuki, bəzi
carici qüvvələrin fəaliyyəti bir hakim partiyaya deyil, bütövlükdə
ölkəyə qarşı savaşdır. Hörmətli Əli Həsənov da dialoqla bağlı son
fikirlərində bir daha açıqladı ki, belə bir danışıqlar bütün
qüvvələrlə həyata keçiriləcək. Çox arzulayıram ki, burada ön şərt,
kimisə tanıyıb - tanımamaq məsələsini qoymadan daha realist bir
müstəvi tapılsın. O yer ki, həqiqətən də həmin siyasi sistemdə
daimi dialoqların normal həzm edilməsini görək. Necə ki, Türkiyə,
Rusiya nümunələri son zamanlar çox geniş yayılmaqdadır. Bunu
Azərbaycanda da bərqərar olmasının işlərə yalnız faydası var".
"Azərbaycan müxalifəti dialoq
istəmir"
Digər politoloq Cümşüd Nuriyevin sözlərinə görə, müxalifətin
cığallığı ondan ibarətdir ki, onlar partiya sədri səviyyəsində
dialoq tələb etməklə, özlərini böyütməyə çalışırlar: "Əgər iqtidar
partiyasının sədri prezidentdirsə, onun hansısa müxalifət
partiyasının sədri ilə sədr səviyyəsində görüşməsi anlaşılmaz
olardı. İqtidar bu görüşləri sədr müavinləri, siyasi şuranın
üzvləri səviyyəsində keçirə bilər. Azərbaycan müxalifəti dialoq
istəmir. Onlar dialoq görüntüsü yaratmaqla iqtidarı öz aləmlərində
beynəlxaq güclərlə üz-üzə qoymaq istəyirlər. Bu tapşırığın da
xaricdən gəlməsi birmənalıdır. Çünki, xarici qüvvələrə Azərbaycan
daxilində sülhün olması sərf etmir. Azərbaycandakı əks qüvvələrin
bəzi məsələlərdə bir araya gələbilmə gücü onları narahat edir.
Çünki belə olarsa, onların planları baş tutmaz. Hazırda ABŞ
"Putinin gücü" adında sənədli film çəkib. Həmin filmin gündəmə
gəlməsinin əsas səbəbi ABŞ-ın Ukraynada, Gürcüstanda, Qırğızıstanda
rəngli inqilablar həyata keçirməsi, amma uduzmasıdır. İndi isə yeni
inqilab forması fikirləşirlər. Bu inqilab forması əvvəlkilərdən
fərqli olaraq açıq müdaxilə etməmək şərti ilə daxili qarşıdurma
yaratmaq və həmin qarşıdurmadan hansı tərəf ABŞ maraqlarına
yaxınlıq göstərirsə, onu qəbul etməkdir. ABŞ-ın yeni siyasi
texnologiyası budur. Düzdür, bu texnologiyanın Azərbaycanda tətbiqi
mümkün deyil. Çünki xalq və hakimiyyət arasında birlik var.
Müxalifətin əlində isə hazırda hansısa iqtisadi, siyasi, hərbi rıçaq yoxdur. Bu rıçaqların hamısı iqtidardadır. Müxalifət dialoqa hazır deyil. Onlara xarici ağalarından əmr gəlsə, dialoqa hazırlıq baş tutacaq. Həmin əmr də yəqin ki, sentyabr ayında olar".