Oqtay Əsədov: Azərbaycan tarixinin mühüm bir hissəsi Heydər Əliyevin xidmətləri ilə bağlıdır

7 May 2013 13:35 (UTC+04:00)

"Azərbaycan tarixinin mühüm bir hissəsi Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Bu müddətdə Azərbaycan iqtisadi, siyasi müstəqillik qazanıb. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa xidmətinin nişanəsidir". 


Mövqe.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xüsusi məruzə ilə çıxışında deyib.


Əsədov deyib ki, SSRİ-nin 1977-ci il Konstitusiyasında ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağa xüsusi status verilməsini istəsələr də, Heydər Əliyev bunun qarşısını alıb. 1978-ci ildə Azərbaycan Konstitusiyasında isə Azərbaycan dilinə dövlət dili statusu verilib.


Spiker deyib ki, bundan sonra Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hərbi potensialının artırılması üçün məqsədyönlü planlar həyata keçirib:


"Hərbi kadrların hazırlanması üçün Bakıda hərbi ali məktəb açılıb: "Onun bütün bu xidmətləri Azərbaycanın müstəqilliyi üçün baza rolunu oynadı".


Spiker deyib ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanda siyasi və istisadi islahatlara başladı:


"Hakimiyyətdə olduğu dövrdə Heydər Əliyev ölkəni parçalamaq həddinə gətirən dövlət, hökumət böhranını aradan qaldırdı, vətəndaş müharibəsinin qarşısını aldı, bugünkü qüdrətli Azərbaycanın əsasını qoydu, ölkə böhrandan çıxdı. Azərbaycan dünyaya inteqrasiya olunmaqla öz layiqli yerini tutmağa başladı. Bu gün Azərbaycan dünya ölkələri qarasında öz layiqli yerini möhkəmləndirməkdədir. Bu işlərin həyata keçirilməsində Milli Məclis ümummilli Heydər Əliyevə həmişə dəstək verib".