Suraxanıda “Gül bayramı” keçirilib

7 May 2013 15:31 (UTC+04:00)

Hər il may ayının gəlişini xalqımız sevinc, ümid və iftixar hissilə qarşılayır.  Bu da təsadüfi deyil. Məhz bu ayda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı, Ümummilli  Liderimiz Heydər Əliyevin doğum günü  təntənə ilə, böyük məhəbbət və ehtiramla bayram edilir. Əlamətdar  gün münasibəti ilə artıq bir neçə ildir ki,  doğma ölkəmizin hər bir guşəsində "Gül bayramı"larının keçirilməsi bir ənənəyə çevrilib. Bu bayram hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə  həyatını sərf etmiş  dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.


Mayın 6-da Suraxanı rayonunda da əsl bayram ovqatı yaşanmaqdaydı. Həzin musiqi sədaları  günəşli may səhərində hər bir Suraxanılını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə  Heydər Əliyev parkında keçirilən ümumrayon "Gül bayramı"na  səsləyirdi. Park bayram libasına bürünmüşdü.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucalan möhtəşəm abidəsinin ətrafında güllərdən xüsusi kompozisiya yaradılmışdı. Heydər Əliyev Mərkəzinin qarşısındakı tağbənd təbii güllərlə xüsusi bəzədilmişdi. Fəvvarələr meydanında Ulu Öndərin səhnədə yerləşdirilmiş barelyefi ətrafında yaradılmış möhtəşəm kompozisiya,  Ulu Öndərin portretlərindən təşkil olunmuş "Yeddi portret", Bayraq meydanında "Atəşgah buketi",  parkın "Gənclik bağçası"nda, "Skulptura bağı"nda və digər guşələrində təbii güllərdən yaradılmış müxtəlif  kompozisiyalar diqqət çəkirdi.


Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Suraxanı rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət ediblər və abidənin önünə tər güllər qoyublar. Sonra tədbir iştirakçıları parkda düzənlənən gül kompozisiyaları və əl işləri ilə tanış olublar.


Heydər Əliyev parkında  yaradılan müxtəlif gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işlərindən ibarət sərgilər toplaşanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətini güllərin, çiçəklərin dili ilə beləcə maraqla baxmağa vadar edirdi. Rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq-tərbiyə  müəssisələrinin nümayəndələri aylardan bəri hazırladıqları işləri burada sərgiləmişdilər. Ümumilikdə, rayonun 35 məktəbi, 32 uşaq tərbiyə müəssisəsi əvvəlcədən keçirilmiş baxışda seçilmiş  ən yaxşı sənət, əl işi və rəsm, gül kompozisiyalarından ibarət  nümunələrini münsiflər heyətinin ixtiyarına vermişdi.  

"Gül bayramı" Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl  işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram və  səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna  formalaşmışdı – Ulu Öndərə sonsuz qayğı və ehtiram. Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü.

"Gül bayram"ndan sonra Heydər Əliyev Parkında  Suraxanı Rayon İcra Hakimiyyətinin və İctimai Televiziyanınn birgə təşkilatçılığı ilə canlı yayımla yubiley konserti olub. Konsertdə ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları maraqlı rəgarəng konsert proqramı ilə çıxış ediblər. Konsert  möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Suraxanı rayonu ərazisində iməciliklər də keçirilib, ağac əkilib,  küçə və meydanlarda, parklarda abadlıq, səliqə-səhman işləri görülüb.