Yeni binaların köhnə problemləri...
3 Aprel 2012 19:16 (UTC+04:00)
Nüsrət İbrahimli: "Sahibkarları üzə çıxarıb dillərindən hökumət
səviyyəsində binanı 3-5 aya tikib başa çatdırmaqla bağlı zəmanət
kağızı almalıdırlar "
Təzə tikilən yaşayış binalarının çoxuna mavi qazın verilməsi hələ
də problem olaraq qalır. Qazın verilməməsi də həmin binaların
müvafiq dövlət qurumları tərəfindən qeydiyyata alınmaması ilə
bağlıdır. Bununla belə yenidən təzə binaların tikintisinə icazə
verilir. Amma onların da çoxu qazla təmin edilmir.
Nəticədə qazla təmin olunmadığına görə istismara qəbul olunmayan
binaların sırasına yeniləri də əlavə olunur. Bundan isə əhali
əziyyət çəkir. Vətəndaşlar min bir əziyyətlə yığdıqları pulu
verməklə mənzilə sahib olmağa çalışır. Amma qazın olmaması
səbəbindən həmin evlərinə köçsələr də mənzillərini qızdıra
bilmirlər. Vəziyyətin belə davam etməsi isə sonda mavi yanacaqla
təmin olunmayan binaların sayının durmadan çoxalmasına rəvac
verməkdədir. Deməli, bunun baş verməməsi üçün nəsə etmək gərəkdir.
Sözügedən problemin həllinin nədən ibarət ola biləcəyini ekspertdən
öyrəndik.
NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli sözügedən
problemin həllini həmin bina sahiblərindən işi bir neçə aya
bitirməklə bağlı zəmanət sənədi almaqda, buna razı olmadıqları
halda isə binanın auksionda satışa çıxarılmasında görür: "Təzə
tikilən binalara qaz ona görə verilmir ki, onların tikintisi tam
şəkildə başa çatdırılıb dövlət komissiyasına təhvil verilməyib.
Həmin binaların tikintisini başa çatdırmayanların əksəriyyəti də
2002-2007-ci illərdə tikinti bazarına daxil olan çoxsaylı təsadüfi
adamlardır. Tikinti bazarında əsas problemi yaradan məhz bu
adamlardır. Onlar ya tikintini düzgün aparmayıb, ya maliyyə
imkanlarını doğru hesablamadıqları, ya da əhaliyə satdıqları
mənzilin müqabilində yığdıqları pulu düzgün xərcləmədiklərindən
tikinti indiyə kimi sona çatmayıb. Belə təsadüfi insanlar hazırda
tədricən də olsa bazardan təmizlənir. Beləcə bazarda təxminən
12-15-ə yaxın iri şirkətlər qala bilər. Hazırda ölkədə tikintini
davam etdirənlər də məhz 15-ə qədər şirkətdir. Onların da maliyyə
dayanıqlılığı güclüdür. Tikintini təhvil verməyən problemli tikinti
kooperativlərinə isə məlumatıma görə, yeni tikintilərin inşasına
hələ ki, icazə verilmir. Çünki bu kooperativlər demək olar ki,
özləri problemlidir və bazarda yaxşı imicə malik deyillər. Hazırda
bazarda işləyən şirkətlər əsasən "Akkord", "Azinko", "Şərur" və bir
neçə başqasıdır. Onların tikdikləri binaların sənədləşməsinə dair
isə elə bir problemlər yaşanmır. Düzdür, bir qədər uzun müddətə
tikirlər, amma təhvil verdikləri binanın sənədlərini alırlar. Qaz
verilməyən bina problemini həll etmək üçün binanı tikən
sahibkarları üzə çıxarıb dillərindən hökumət səviyyəsində binanı
3-5 aya tikib başa çatdırmaqla bağlı zəmanət kağızı almalıdırlar.
Çox vaxtı onlar üzdə olmur, gizlənirlər. Sahibkar zəmanət verməkdən
qaçdıqda isə həmin bina auksion qaydasında satışa çıxarıla bilər.
Həmin auksionda binanı alan da yarımçıq qalmış işi başa çatdırmaqla
binanı təhvil verir və əhalinin sənədləşməsini təmin edir. Burada
başqa yol görmürəm. Yəni həmin qazsız binaların sahibkarlarını
pulla cəzalandırmaq lazımdır. Çünki belələrini həbs etməklə
əhalinin mənzil məsələsi həll olunmur".