Azərbaycan kinosunda fantastik film problemi

7 May 2013 17:07 (UTC+04:00)

Bu gün Azərbaycan cəmiyyətində macəra, fantastika janrında çəkilən filmlərin tamaşaçı auditoriyasının kifayət qədər geniş olması birmənalı həqiqətdir. Lakin baxılan belə fikirlərin böyük əksəriyyəti əcnəbi ölkələrin istehsalıdır. Azərbaycanda isə son illərdə qeyd olunan janrlarda filmlər demək olar ki, çəkilmir.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Mövqe.az–a açıqlamasında bunun səbəbləri barədə bildirir: "Azərbaycanda fantastika, macəra filmlərinin çəkilməməsinin ən başlıca səbəbi o səpkidə ssenarilərin təqdim olunmamasıilə bağlıdır. Kino sahəsi çox böyük bir sahədir. Ssenarilərin təqdim olunmaması, o cür filmləri çəkə bilən rejissorların yoxluğu da  səbəblər sırasındadır. Amma bu sahədə işlər gedir, yəqin ki, yaxın gələcəkdə bu sahədə işləri tamaşaçılar görə biləcəklər. Bizdə gənc rejissorlar var. Onlarla bu sahədə işləməyi nəzərdə tuturuq. Bu ayın 24-ü bir layihəmiz var. O layihə çərçivəsində bu problemlərin həlli üçün müəyyən addımlar atılacaq. Sadəcə indidən geniş açıqlama vermək istəmirəm".

"Azərbaycanfilm"in direktoru  qocaman, peşəkar  rejissorların onlara film verilməməsi ilə bağlı gileylərinə də münasibət bildirib: "Eldar Quliyev, Oqtay Mirqasımov, Fikrət Əliyev çəkir. Ancaq o giley edən rejossorlara sual verin ki, sonuncu çəkdiyiniz filmə nə qədər tamaşaçı baxıb?! Onlar yalnış fikir söyləyirlər".

Xalq artisti, sevimli aktyor, təcrübəli rejissor Ramiz Əzizbəyli isə qeyd edir: "Ölkəmizdə fantastika, macəra filmlərin çəkilməməsinin səbəblərindən biri texnikanın azlığı və maliyyənin qıtlığıdır. O cür filmlər üçün ayrılan vəsaitin məbləği də böyük əhəmiyyət kəsb edir. Maliyyə az ayrıldığı üçün də bu cür sahələrdə ssenarilər yazılmır. Fantastik filmlərin çəkilməsi üçün külli-miqdarda vəsait lazımdır. Azərbaycanda fantastik, macəra filmlərini çəkən rejissorlar az olmayıb.

Bizim özümüzə görə fantastika yazan yazıçılarımız var. Amma ki, bu iş güclü vəsait tələb etdiyi üçün ona  girişən yoxdur. Düzdür, rejissor qıtlığı olduğu üçün də bu sahədə filmlər çəkimir. Ancaq hesab edirəm ki, indiki rejissorlar o cür filmləri heç cür çəkə bilməzlər. Həmin filmlərin çəkilməsi üçün yalnız və yalnız mütəxəssislərə müraciət olunmalıdır.  Əvvəllər Cahangir Zeynalov, Əlisəttar  Atakişiyev kosmosdan, gələcəkdən, ümumiyyətlə, fantastik quruluşlu filmlər çəkmişdilər. Hələ onda vəsait bundan da az idi, şərait yaxşı deyildi. Konkret olaraq qeyd edim ki, biz bu gün ona hazır deyilik, əlimizdə olan imkanlar da əlimizdən çıxıb".