Azərbaycanın Şuşa şəhərinin işğalının ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

8 May 2013 11:46 (UTC+04:00)

Mövqe.az-ın xəbərinə görə, ziyarətçilər arasında Şuşa rayon İcra Hakimiyyətinin, "Dağlıq Qarabağin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbərliyi, işğal altında olan rayonların ictimaiyyət nümayəndələri də olub. Ziyarət zamanı Azərbaycan torpaqları uğrunda şəhid olanların ruhuna dualar oxunub. Ərazilərin işğaldan azad olunması uğrunda hər an başlana biləcək hərbi əməliyyatlarda fəal iştirak etməyin hər kəsin borcu olması barədə fikirlər səsləndirilib.

 

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib ki, ermənilər danışıqlar prosesinin uzatmaqla işğalı unutdurmaq istəyir, bununla da Dağlıq Qarabağı erməniləşdirmək istiqamətində işlər görürlər: "Lakin onlar öz niyyətlərinə çatmayacaqlar. Şuşa və digər Azərbaycan torpaqlarının Al baş komandanın rəhbərliyi altında işğaldan azad olunacağı gün uzaqda deyil".