Yeni nazirdən müəllimlərə şad xəbər
8 May 2013 15:22 (UTC+04:00)
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin hüquqlarının qorunması,
iş mühitləri və maddi təminat məsələləri ilə bağlı ediləcək
yenilikləri açıqlayıb. Movqe.az-ın Təhsil Nazirliyinin saytına
istinadən verdiyi xəbərə görə, müəllimlərin fəaliyyəti ilə bağlı
yeniliklər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında əks olunduğu kimi həyata keçiriləcək. Belə ki,
bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim
texnologiyaları və inkluziv təhsil üzrə məqsədli ixtisasartırma
təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi
üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin
təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq,
müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan
stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək,
müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması,
qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir
tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə
əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi
hazırlanacaq.