Azərbaycan və Türkiyə müdafiə sənayesi qurumları arasında əməkdaşlıq protokolu imzalanıb

8 May 2013 17:45 (UTC+04:00)

İstanbulda keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Katibliyi (SSM) arasında əməkdaşlıq protokolu imzalanıb.

 

APA-nın sərgidə iştirak edən əməkdaşının məlumatına görə, protokolu Azərbaycan tərəfdən müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyə tərəfdən isə müdafiə sənayesi katibi Murad Bayar imzalayıblar.

 

Protokol Azərbaycan MSN ilə Makina və Kimya Sənayesi Qurumu (MKE), ROKETSAN və Otokar şirkətləri arasında perspektiv birgə layihələri əhatə edir.

 

Protokolun imzalanma mərasimində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Türkiyənin müdafiə naziri İsmət Yılmaz da iştirak ediblər.

 

İmzalanma mərasimindən sonra açıqlama verən İ. Yılmaz iki ölkə arasında hər bir sahədə olduğu kimi, müdafiə sənayesi sektorunda da əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Nazir müdafiə sənayesində birgə proyektlərin iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib: "Biz iki qardaş ölkə olaraq, gələcəkdə də birgə layihələrin reallaşdıracağıq. Türkiyə olaraq biz buna açığıq".

 

Müdafiə sənayesi naziri Yavər Camalov isə Azərbaycan və Türkiyə müdafiə sənayesinin hazırda birgə layihələr üzərində işlədiyini vurğulayıb.

 

Nazir rəhbərlik etdiyi qurumun  yarandığı vaxtdan Türkiyə müdafiə sənayesi ilə əməkdaşlığa böyük diqqət yetirdiyini bildirib.