LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

8 May 2013 09:00 (UTC+04:00)

Kifayət qədər məharətlə və uzaqgörənliklə düşünülüb hazırlanan müasir Azərbaycanın inkişaf strategiyası ölkəmizin əldə uğurların davamlı surətdə artmasını şərtləndirməkdə, yeni-yeni nailiyyətlərin əldə olunmasına rəvac verməkdədir. Eyni zamanda sözügedən tərəqqi strategiyası paytaxt və regionlar üzrə proporsional qaydada paylanaraq kompleks inkişafı da təmin edir. Məhz bunun nəticəsidir ki, indi Azərbaycanın istənilən regionuna diqqət yetirildikdə, burada sürətli tərəqqinin şahidi olmaq mümkündür.

Azərbaycanın belə regionlarından biri də Kürdəmir rayonudur. Regionların sosial-iqtisadi tərəqqisinə dair Dövlət Proqramına əsasən rayonda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilib. Rayonda bu ilin əvvəlindən 298 yeni iş yeri açılıb ki, bundan 223-ü daimi iş yerləridir. 2013-cü ilin üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 24,1 faiz artaraq 67 milyon 744 min manata çatıb. Ümumi məhsul buraxılışının 72,1 faizi məhsul istehsalı, 29,9 fazi isə xidmət sahələrində olub. Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Bu ilin məhsulu üçün ötən ilin payızında 15 min hektardan çox sahədə buğda, 25 min hektaradək sahədə isə arpa olmaqla cəmi 40 min hektardan çox sahədə taxıl əkilib. 18 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilib. Yazlıq əkinlərə başlanılıb, 1942 hektarda yonca, 1300 hektarda kartof, 2500 hektarda tərəvəz, 3800 hektarda bostan, 400 hektarda qarğıdalı, 150 hektardan çox sahədə isə günəbaxan bitkiləri əkilib. Hazırda yazlıq əkinləri mütəşəkkil davam etdirilir. Əkilmiş taxıl sahələrinin vaxtında biçilməsi ilə əlaqədar rayonda 80 ədəd kombayn təmir edilib saz vəziyyətə gətirilib, əlavə olaraq aqrolizinq yolu ilə qonşu rayonlardan 120 ədəd kombayn gətirilməsi ilə əlaqədar müqavilələr bağlanıb.

Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Ötən il müasir texnologiya ilə qurulmuş parnik təsərrüfatında keçirilən seminar müşavirə və orada parnik təsərrüfatlarının iqtisadi səmərəsi barədə verilmiş bilgilər bu sahəyə sahibkarların marağını xeyli artırıb, nəticədə örtülü qruntların sahəsi artırılaraq 6,5 hektara çatdırılıb. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində müəyyən işlər görülüb. Kənd təsərrüfatının inkişaf etdirilməsində və yüksək məhsuldarlıq əldə edilməsində meliorasiya işləri və suvarma sistemləri mühüm rol oynayır. Bu sahədə nəzərdə tutulan suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənib, hidrotexniki qurğular, nasos stansiyaları təmir olunaraq işlək vəziyyətə gətirilib.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olub. Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılıb. Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə təbii qazla təchiz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılıb. Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş, şəhərin 63 və 69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılıb. Rayonun Şilyan və Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanıb, hazırda həmin kəndlər istiqamətində 8 km daşıyıcı xətt çəkilib. Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirilir. Ağsu rayonunun Külüllü bulağından rayona qədər 30 km uzunluğunda yeni içməli su xəttinin çəkilişi, Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 78,6 km olan şəhər daxili içməli su xəttinin 53,7 km-də, 99,4 km-lik kanalizasiya şəbəkəsinin isə 21,7 km-də işlər basa çatdırılıb, 622 baxış quyuları, tunel çəkilişi üçün isə 6 ədəd yeraltı baxış quyuları tikilib və hazırda bu sahədə işlər sürətlə davam etdirilir. Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılıb.

Ötən ilin birinci rübündən sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq işləri bu ilin birinci rübündə də sürətlə davam etdirilib. Rayon İcra Hakimiyyətinin yeni binasının tikintisi başa çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb,11,7 km hissəsi çəkilib, 2013-cü ildə işlərin davam etdirilməsi üçün əlavə 4 milyon manat vəsait ayrılıb və birinci rübdə yolun 4 km hissəsi çəkilib. Hazırda yol tikinti işləri davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində, S.X.İslamzadə, Aşıq Əhməd, G.Orucova küçələrində abadlıq işləri davam etdirilib, 1032 p/m bardür düzülüb, 2090 kvadratmetr ağlay vurulmuş, 820 kvadratmetr piyada yolları beton tavalarla üzlənib, 540 metr uzunluqda yeni işıqlanma xətti çəkilib, 26 ədəd müasir işıq dirəkləri quraşdırılıb və bu işlər hazırda davam etdirilir.

Ulu öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli Heydər Əliyev mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılıb. Ərazisi 8.5 hektar olan "Heydər" parkında yeni layihəyə əsasən rekonstruksiya və tikinti işləri davam etdirilib, 42 metr uzunluqda parkın giriş hissəsi tağvari milli memarlıq üslubunda yenidən işlənilir. Parkda 1456 p/m bardur düzülüb, 696 kvadratmetr səkilərə mozaik beton tavalar döşənib, 140 m uzunluqda hasar çəkilib, ölçüləri 8x16 metr olan şəlalə qurulub, əraziyə çoxlu sayda dekorativ ağac əkilib, 1,5 hektar əraziyə qazon səpilib, 2000 metr süni suvarma xətti çəkilib.

"Gənclər Evi" rekonstuksiya olunaraq 140 kvadratmetr genişləndirilib, müasir atıcılıq tiri və əlavə sinif otağı tikilib. Binada və ətrafında 600 kvadratmetr ağlay vurulub, 560 p/m bardur düzülüb, 880 kvadratmetr mozaik beton tavalar döşənib. Aparılmış abadlıq-tikinti işlərinə daxili imkanlar hesabına 594 min manat məbləğində vəsait xərclənib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülüb.

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 6 məktəbində yeni məktəb binasının tikintisi davam etdirilir. Hazırda rayonda 640 şagird yerlik Sığırlı kənd, 360 şagird yerlik Z.Əhmədov adına Şilyan kənd, 280 şagird yerlik Cəyli kənd, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəblərinin yeni binalarının tikintisi davam etdirilir, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin və 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binalarının tikintisində son tamamlama işləri aparılır. Rayonun Mürtülü və Xınısli kəndlərində yeni məktəb binalarının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır. Rayon Mərkəzi Xəstəxanasının əsas binasında regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılıb, müasir tibbi avadanlıqlarla təhciz olunaraq istifadəyə verilib. Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.

Hazırda 2009-2013-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsini əvvəlki kimi xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu istiqamətdə görülən işlər öz yüksək nəticələrini verir. Bütövlükdə rayonun həyatında dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.