Nar Mobile-dan jurnalistlərə "Nar Media" tarif planı

8 May 2013 19:37 (UTC+04:00)
Jurnalistlər və media nümayəndələri ilə sıx əməkdaşlıq edən Nar Mobile mobil operatoru, KİV nümayəndələri üçün yeni formatda kommunikasiya layihəsininin təqdimatını keçirib. Movqe.az-ın məlumatına görə, fəaliyyətə başlayan Nar Mobile "Mətbuat Klub"unda KİV nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi şəraitdə görüşlər keçiriləcək və müxtəlif mövzularda müzakirələr aparılacaq. Nar Mobile "Mətbuat Klubunun" əsas məqsədi KİV-lərlə ünsiyyət qurmaq üçün platforma yaratmaq, ən son məlumatlarla, nailiyyətlərlə, şirkətin strategiyası və yenilikləri ilə bölüşməkdir.Mayın 7-də keçirilən Mətbuat Klubunda Nar Mobile-ın rəhbərliyi iştirak edib. Tədbiri giriş sözü ilə açan şirkətin Baş Direktoru Kent Maknili qonaqları salamlayaraq, Nar Mobile-ın 2013-cü il üzrə strategiyası, missiyası və dəyərləri haqqında söz açaraq, jurnalistlərlə münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib: "Jurnalistlər və media nümayəndələri hər zaman Nar Mobile-ın diqqət mərkəzində olub və biz onlarla əməkdaşlığa böyük önəm veririk. Təsadüfi deyil ki, bu gün şirkət ilə jurnalistlər arasında dostluq münasibətləri var. Yeni yaranmış Nar Mobile Mətbuat Klubu bizim jurnalistlərlə yeni formatda olan kommunikasiya platformamızdır. Bu klubu yaratmaqda əsas məqsədimiz bu sahədə olan əməkdaşlığımızı daha da dərinləşdirmək, öz növbəsində informasiya axınını daha operativ, keyfiyyətli və mükəmməl etməkdir" – deyə Kent Maknili bildirib.
Tədbirin sonunda jurnalistlər üçün yeni NarMedia Tarif Planı da təqdim edilib. Belə ki, yeni tarifə əsasən jurnalistlər öz aralarında cəmi 2 qəpik ödəməklə danışa biləcəklər. Yeni tarif planı bütün TV, radio, internet media nümayəndələri, və Mətbuat Şurasında qeydiyyatdan keçmiş qəzet və jurnalların əməkdaşları üçün açıqdır. Tədbirdə Nar Media tarif planına  KİVDF və Mətbuat Şurasının dəstək verdiyi də bildirildi. Tarif Planı haqqında məlumatı Nar Mobile internet səhifəsində əldə etmək olar.