ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıyıb
9 May 2013 11:14 (UTC+04:00)
Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları
Assosiasiyası Şurası (Council of Turkic American Associations) və
Konnektikutda Türk Mədəniyyət Mərkəzi (Turkish Cultural Center
Connecticut) tərəfindən təşkil olunmuş Ştat Kapitoliyasında (yerli
qanunverici orqanın yerləşdiyi bina) III illik Türk Gününün (3rd
Annual Turkic Day at the State Capitol) keçirilməsinə həsr olunmuş
tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə,
tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini
senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr palatası
spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının
anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut
Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə
iştirak edən Azərbaycanın BŞ-dakı Səfirliyinin müşaviri Məmməd
Talıbova təqdim ediblər.
Bundan sonra çıxış edən M. Talıbov
Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı
tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün
təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik
olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin
işğalı günü olduğunu və Azərbaycanın 20% ərazisinin 21 ildir ki,
Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib. Bu
kontekstdə, M.Talıbov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə
həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu
bildirib.
Tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi x-m Denis
Meril (Denise Merrill), Konnektikut ştatı Nümayəndələr palatasının
spikeri Brendan Şarki (Brendan Sharkey), Nümayəndələr palatasında
çoxluğun lideri Co Aresimoviç (Joe Aresimowicz), Türkiyə
Respublikasının Boston şəhərindəki baş konsulu Burak Karartı, bir
sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə
yerli türk icmasının nümayəndələri iştirak ediblər.