Əli Əhmədov: "Milli Şura ideyasının ortaya atılması siyasi təxribatdan başqa bir şey deyil"
9 May 2013 17:31 (UTC+04:00)
"Milli Şura yaradılsa belə, o, kağız üzərində qalan, heç bir
siyasi perspektivi olmayan, 5-10 nəfər siyasi dəstəyi olmayanların
yaratdığı bir qurum olacaq ki, bunun da hər hansı siyasi
perspektivindən söhbət gedə bilməz".
Bu açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP)
sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
verib. Onun sözlərinə görə, Milli Şuranın yaradılması ilə
bağlı təklifin reallaşdırılması ehtimalı kifayət qədər azdır:
"Azərbaycanda təsisatlanmış demokratiya qurulub. Azərbaycanın
dövlət strukturları fəaliyyət göstərir. Ölkədə növbəti prezident
seçkilərinə hazırlıq gedir. Belə olan halda Milli Şura ideyasının
ortaya atılması siyasi təxribatdan başqa bir şey deyil. Çünki
Azərbaycanın konstitusion quruluşunda və siyasi sistemində hər
hansı bir legitim Milli Şura təsisatı mövcud deyil. Hüquqi cəhətdən
belə bir qurum yoxdur".
Ə.Əhmədov deyib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən
ciddi dəstək yoxdur və Milli Şuranı yaradanlar da bu reallığı dərk
etməlidirlər: "Milli Şuranın siyasi perspektivləri və taleyinə
gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün nə
Azərbaycan müxalifətini, nə də müxalifətə müxtəlif tərəflərdən
qoşulanları Azərbaycan xalqı ciddi şəkildə dəstəkləmir. Buna görə
də ciddi dəstəyə malik olmayan insanların ciddi bir siyasi qurum
yaratmaq şansı da təbii ki, yoxdur. Milli Şuranın yaradılması
ideyasını ortaya atanlar da bu reallığı dərk etməlidirlər".
YAP rəsmisi qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri ilə
bağlı aparılan bütün müşahidələr seçicilərin mütləq əksəriyyəti
birmənalı şəkildə prezident İlham Əliyevin namizədliyini
dəstəklədiyini göstərir: "Belə olan halda qondarma, hər hansı
ictimai və ciddi əsaslara söykənməyən Milli Şura ideyasının az da
olsa, perspektiv qazanacağına inanmaq çox çətindir".