ABŞ Qarabağ məsələsində nəticə istəyir

1 May 2019 08:00 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarılması üzrə yeni addımlar “birmənalı şəkildə zəruridir”.

Amerikalı diplomat münaqişə tərəflərinin xarici işlər nazirləri arasında Vaşinqtonda ola biləcəyi ehtimal edilən görüşünə istinad edərək iddia edir ki, ABŞ hər iki liderin sülh təşəbbüslərinin inkişaf etdirilməsinə tam dəstək göstərməyə hazırdır.

Qeyd edək ki, ümumiyyətlə, son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında ATƏT-in minsk qrupunun 3 həmsədr ölkəsindən ikisinin, ABŞ və Rusiyanın fəallıq nümayiş etdirdikləri hiss olunur.

Politoloq Qabil Hüseynli bildirdi ki, Vaşinqton münaqişə ətrafında status-kvonu dəyişməklə regionda mövqeyini gücləndirməyə çalışır: “ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud olan status-kvonu dəyişdirmək istəyir. Amma bu fonda kompromisə gəlmək, yeni bir model kimi fikirlər tamamilə cəfəngiyyatdır. Azərbaycanın əzəli torpaqları istila olunub. Azərbaycan problemin ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir. Ona görə də işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələnin həll yoludur. Daha burada mürəkkəb kompromislər, konsensuslar aparmağa ehtiyac yoxdur.

Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə, Azərbaycan öz tərkibində qalmaqla həmin regiona respublika hüquqlu ən yüklsək status verir. Bu fonda orta mövqeyə gəlmək üçün hansısa baş sındırmağa ehtiyac yoxdur. Nəyə görə, Moldova, Gürcüstan və Ukraynanın ərazi bütövlüyü tanınır, ancaq Azərbaycanla bağlı məsələyə fərqli prizmadan yanaşırlar? Niyə Azərbaycanın ərazi bütövlüyü tanınmır və problemin həllinə də tanınmaq prizmasından yanaşmırlar? Prosesin gedişi sadə formulu olsa da, həmsədr dövlətlər onu həddən artıq mürəkkəbləşdirirlər ki, ermənilərin xeyrinə nəsə düşünüb tapsınlar. Bu olmayacaq. İşğalçı işğal etdiyi ərazilərimizdən çəkilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu torpaqlar hər zaman Azərbaycan torpağı olub və olaraq da qalacaq”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə indiki mərhələdə ABŞ-ın Qarabağ konfliktinin həllində aktivləşəcəyinə inanmır: “Robert Sekutanın dedikləri sadəcə bir istəkdir. Hamı istər ki, münaqişədə yeni addımlar atılsın, problem danışıqlar və sülh yolu ilə həll edilsin. Bu mənada da Sekuta sadəcə olaraq istəyini dilə gətirib. Onun sözlərində konseptual fikirlər görmədim ki, Amerika münaqişənin həllində necə fəallaşacaq. ABŞ-ın bu prosesdə fəallaşacağına da inanmıram.

Düzdür, ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Amma bu, o demək deyil ki, Amerika münaqişənin həllində həqiqətən də fəallaşacaq. İndi ABŞ-ın başı başqa problemlərə qarışıb və onların həllilə məşğuldur. İstərdik ki, ABŞ həmsədrlərdən biri olaraq münaqişənin həlli prosesinin sürətləndirilməsində mühüm rol oynasın. Amma bunun baş verəcəyinə inanmıram. Odur ki, ABŞ-ın Bakıdakı sabiq səfirini həmin fikri sadəcə, onun istəyidir”.

Rüfət NADİROĞLU