Azərbaycanın qüdrəti artdıqca Ermənistan hakimiyyətinin sarsıntısı da güclənir

1 May 2019 09:30 (UTC+04:00)

Bu gün Ermənistanda baş verən bütün iqtisadi-siyasi və mənəvi təbəddülatlar zamanı dərhal diqqətlər Azərbaycana yönəlir, bizim həyata keçirdiyimiz layihələr, diplomatik gedişlər gündəmə gətirilir və müvafiq müqayisə aparılır. Bir növ, Azərbaycan öz uğurları və diplomatiyası ilə birlikdə ermənilər üçün istinasd nöqtəsinə çevrilib.

Məsələ burasındadır ki, Ermənistanda vəziyyət həmişəki ağırlıqda qalmaqda davam edir. Ölkədə irəliləyiş baş vermir, iqtisadiyyatın dirçəlməsi simptomları yoxdur. Bu tərəfdən də Qarabağ münaqişəsinin həlli yolunda ölkənin siyasi hakimiyyətinin aydın konsepsiyası yoxdur. Əhali bilmir ki, hökumət nə işlə məşğuldur. Buna görə indi müxalifətdə olan keçmiş hakimiyyət mənsubları reallıqları bütün çılpaqlığı ilə gündəmə gətirirlər.

Bu günlərdə Ermənistan Respublika  Partiyasının mətbuat katibi Eduard Şarmazanov mətbuata açıqlamasında belə bir mövqe sərgiləyib ki, Ermənistanda transgenderlik təbliğ edilərkən Azərbaycan və Türkiyə birgə geniş təlimlərə hazırlaşır: “Ermənistanda transgenderliyin təbliğ edildiyi, Nikol Paşinyanın isə İrəvan küçələrində 124 milyonluq kababın dadına baxdığı bir vaxtda Azərbaycan və Türkiyə Azərbaycanda keçiriləcək birgə geniş təlimlərə hazırlaşır”.

Bu düşüncələr təkcə Şarmanazovu yox, ümumiyyətlə, hazırkı hakimiyyəti də narahat edir. Çünki, onlar yaxşı bilirlər ki, Qarabaö münaqişəsinin nizamlanması prosesində nala-mıxa vurmaları onlara yaxşı heç nə vəd etmir. Azərbaycan isə bu durumda ən yüksək səviyyədə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin nizamlanması üçün hüquqi əsas təşkil edir. Həmin qətnamələrdə, eyni zamanda bir çox digər nüfuzlu beynəlxalq təşkilatların rəsmi sənədlərində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqlənir. Eləcə də erməni qoşunlarının Azərbaycan ərazilərindən tez bir zamanda, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Təbii ki, bu şərtlərə əməl edilməsə, Qarabağ savaşının başlanması qaçılmazdır. Azərbaycan savaşa, ərazi bütövlüyünün müharibə ilə bərpasına tam hazırdır. Buna görə də davamlı olaraq israrla bildirir ki, müzakirələrin predmetinin nə olmasından asılı olmayaraq, nəticə əldə olunmursa, danışıqları davam etdirməyin  mənası qalmır. Eskalasiyaya imkan vermədən danışıqların aparılması təklifi məqbuldur. Lakin Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir və bu şərtə əməl edilməyincə eskalasiya təhlükəsi də aradan qalxmır.

Münaqişənin həllində belə bir istiqamətin formalaşması erməniləri ona görə təşvişə salır ki, ölkədə iqtisadiyyatın bərbad vəziyyətdə olması, siyasi naşılıq silahlı qüvvələrin dağılmaq həddinə çatmasına səbəb olub. Bu yaxınlarda Meqridəki hərbi hissələrdən birində əsgərlər rəhbərliyə qarşı qiyam qaldırıb və hərbi hissəni özbaşına tərk edib. Buna görə müdafiə nazirinin istefaya getməsi tələb olunsa da nazir David Tonoyan heç tövrünü də pozmayıb. Çünki, o da vəziyyətin nə qədər böhranlı olduğunun fərqindədir, lakin işlərin yoluna qoyulması üçün əldə resurslar yoxdur. Yəni, ölkə vəziyyətin pisləşməsi amilinə məhkumdur.

İnqilab adı ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan komandası cəmiyyətdə nüfuzunu durmadan itirir. Eduard Şarmazanov bir müddət əvvəl KİV-lərə açıqlamasında deyib ki,  son bir il yalnız onun üçün deyil, bütün ictimaiyyət üçün məyusluq ili olub: “İlk vaxtdan etibarən Paşinyanın Baş nazir olmasının əleyhinə olmuşam. Apreldə baş verənlər inqilab deyil, yalan, saxtakarlıq, təhdid, şantaj və nifrətlə hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən çevrilişdir. Hazırda Paşinyan verdiyi vədləri nəinki yerinə yetirib, hətta iflasa uğrayıb”. Bu fikirlər getdikcə erməni cəmiyyətində hakim düşüncəyə çevrilir. Erməni müxalifəti hakimiyyəti təhdid edir ki, hazırda Azərbaycan 2019-cu ilin danışıqlarda dönüş ili olacağından danışır, Ermənistan hakimiyyəti isə ya susur, ya da danışıqların olmasını təkzib edir.

Azərbaycan həqiqətən ordunun döyüş qabiliyyətinin yüksəldilməsini ciddi nəzarətdə saxlayır. Xüsusilə, Türkiyənin hərbi mütəxəssislərinin və müxtəlif qoşun bölmələrinin iştirakı ilə keçirilən hərbi təlimlər böyük əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun qüdrəti beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bu reallıq isə erməniləri qorxudur. E.Şarmazanov da qorxu sarıdan bu məsələni qabardır. Ermənilərin artıq ayrı çıxış yolu qalmayıb. Onlar ya dincliklə işğal etdikləri ərazilərdən çəkilməli, ya da qeyri-bərabər hərbi qüvvələr nisbətində müharibəni qəbul etməlidir. Təbii ki, müharibədə məğlub olacaqlarını bilə-bilə döyüşə girmək hələ tarixdə heç kim tərəfindən ağıllı yaxud cəsarətli addım kimi dəyərləndirilməyib. Ermənilərin işğalçılıq fəaliyyətinin qaynaqları Azərbaycanın səyləri hesabına hər tərəfdən bağlanıb. Düşmən sülhə gəlməyə məhkum edilib. İndi onun bu situasiyanı hansı dərəcədə qiymətləndirmək qabiliyyətindən çox şey asılıdır.

N.NOVRUZ