Bakı və Ankaradan İrəvana Qarabağ mesajı

1 May 2019 09:45 (UTC+04:00)

Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri start götürür. Azərbaycanda keçiriləcək hərbi təlimlər 1-3 may tarixini əhatə edəcək. “Mustafa Kamal Atatürk – 2019” şüarı ilə keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir. Keçiriləcək təlimlər yuxarıda qeyd olunduğu kimi Ermənistanda narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır. Məsələn, erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, birgə Türkiyə-Azərbaycan hərbi təlimlərindən ermənilərin narahatlıq keçirməsinin kökündə düşmənin ordumuzun gücündən hədsiz dərəcədə qorxması amili dayanır: “Prinsip etibarı ilə Azərbaycan Silahlı Qüvvələrini ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün saxladığımızı heç zaman gizlətməmişik. Ali Baş komandan başda olmaqla müdafiə naziri də dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusunun başlıca məqsədi hazırlaşmaq və verilən tapşırıqları yüksək dəqiqlik və çevikliklə yerinə yetirməkdən ibarətdir. Ermənilər işğal faktoruna qədər niyə narahat deyildi, indi narahat olmağa başlayıblar?

Deməli, bilirlər ki, Azərbaycan Silahlı Qüvvələri qardaş Türkiyənin dəstəyi, köməyilə, habelə Pakistanın mənəvi və fiziki dəstəyilə real döyüş əməliyyatları başlayacağı təqdirdə işğalçı orduya layiq olduqları cəzanı verəcək. Ermənilər narahat olmamaq istəyirsə, yeganə yol ağıllı olub Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər. Belə fikirləri yoxdursa, bu il ərzində bir necə dəfə Türkiyə, habelə Gürcüstanla birgə hərbi təlimlər keçirməyi planlaşdırırıq. İndiyə qədər ermənilər belə vəziyyətdən dəfələrlə narahat olublar. Amma öz işləridir, istəyir narahat olsunlar, istəyir yuxuları ərşə çəkilsin, o məsələ qaçılmazdır.

Azərbaycan Ordusunun 2016-cı ildə böyük güc sərf etmədən ortaya qoyduğu fədakarlıq və əzmkarlığı növbəti dəfə daha böyük əzmkarlıqla davam etdirməyə hazır olduğumuza ermənilər şübhə etməsin. Bunu gizlətmirik. Döyüş hazırlığı, qərargahların uzlaşması, verilən tapşırıqların qısa zamanda yüksək keyfiyyətlə yerinə yetirilməsi, hərbi-hava qüvvələri, hava hücumundan müdafiə sistemlərinin verilən tapşırığa uyğu olaraq fəaliyyəti, bunlar hamısı keçirilən təlimlərin ana xəttini təşkil edir. Bunu heç zaman gizlətməmişik. Ermənilər narahat olurlar deyə təlim keçirməməliyik?

Rusiyanın baş naziri Dmitri Medvedyevlə Nikol Paşinyan son görüşlərində sətiraltı bəzi fikirlər səsləndirdilər. Bu sətiraltı fikirlərin məğzi isə Rusiyanın Ermənistana ağıllı olmağı və Moskvaya arxalanmağı məsləhət görməsindən ibarət idi. Ermənistan da öz növbəsində Qərblə münasibətlərinin o qədər də səmimi olmadığını dilə gətirib.

Azərbaycan Ordusu cari ildə daha bir neçə dəfə miqyasına görə böyük hərbi təlimlər keçirəcək. Bu təlimlər plandadır. Ordumuz torpaqları azad etməyə tam hazır vəziyyətdədir. Erməniləri qorxudan da budur”.

R. SOLTANOV