4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib

9 May 2013 18:12 (UTC+04:00)

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 may- Alman Faşizmi üzərində Qələbə günü münasibətilə Penitensiar xidmət rəhbərliyinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.  Movqe.az xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə mayoru Faris Abdullayev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladıqdan sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-leytenantı Hüseyn Əlixanov Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edərək, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin inkişaf etdirilməsi, hüquqi dövlətin qurulması sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.H. Əlixanov qeyd edib ki, bütün dünya azərbaycanlılarının lideri kimi xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasında, siyasi-hüquqi azadlıqların təminatında misilsiz rolu olan Heydər Əliyevin iqtisadi, hərbi strategiyası, elmin, təhsilin inkişafına göstərdiyi qayğı bu gün də öz bəhrələrini verməkdədir: "Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bu gün daha sürətli inkişaf yoluna qədəm qoymuş, regionun aparıcı ölkəsinə çevrilib". Rəis müavini tədbir iştirakçılarını eyni zamanda 9 May- Faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə təbrik edib".