Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir

1 May 2019 10:32 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yoludur. 

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun49-74-cü km-lik hissəsini təşkil edəm Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə aparılır.

1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.

Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır.

Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m-dən çox sahəni əhatə edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.